BSU-da Qarakənd faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

       

      Noyabrın 20-də Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Qarakənd faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Ermənilər tərəfindən Azərbaycan və türk xalqlarına qarşı törədilmiş terror aktları” (XIX-XX əsr) mövzusunda tədbir keçirilib.

     Tədbirdə giriş sözü ilə çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov mövzunun aktuallığından danışaraq qeyd edib ki, bu istiqamətdə BSU-da mütəmadi olaraq elmi seminarlar, tədbirlər keçirilir. Tarix boyu türk xalqlarına qarşı törədilən terror aktlarından söz açan R.Novruzov ermənilərin uzun illərdir yeritdiyi işğalçı siyasətin bütün dünya dövlətlərinin gözü qarşısında olduğunu deyib. O, hazırda texnologiya əsrində müasir dövr gənclərlərinin informasiya müharibəsi aparmaq imkanlarının geniş olduğunu vurğulayaraq gənc nəsli öz tarixini unutmamağa, düşmənə qarşı mübarizə aparmağa səsləyib.

     Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov “Erməni terroru-tarixin qanlı səhifələri” (XIX-XX əsr) adlı geniş məruzə ilə çıxış edib. S.Məmmədov məruzəsi zamanı 1991-ci ilin 20 noyabrında baş verən Qarakənd faciəsi barədə iştirakçılara tarixi faktlara söykənən mühüm məlumatlar verib. O, həmin faciənin ertəsi günü - 21 noyabr törədilən terrorun baş verdiyi əraziyə baxış zamanı şahidi olduğu mənzərəni ürək ağrısı ilə xatırlayaraq deyib: “Yetişməkdə olan gənc nəsil, xalqımız, eləcə də dünya ictimaiyyəti bilməlidirlər ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər təkcə 20 yanvar, Xocalı soyqırımı, Sumqayıt hadisələri ilə məhdudlaşmır. Ermənistan-Azərbaycan münaqişəsinin dərin kökləri vardır. Əsası Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi ilə başlamış bu proses 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir”. Mövzu ilə bağlı ətraflı çıxış edən Sadir Məmmədov nitqini Prezident İlham Əliyevin sözləri ilə tamamlayaraq qeyd edib ki, “Terrorizm Ermənistanın həyata keçirdiyi siyasətin tərkib hissəsidir”. Vaxt gələcək biz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş doğma torpaqlarını azad edəcəyik.

     Çıxışın ardınca 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd ərazisində M-8 N-72 hərbi vertolyotun ermənilər tərəfindən vurulması və hadisə yerinə baxışın video görüntüləri nümayiş olunub.

     Sonra Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası nəzdində “Gənc azərbaycanşünaslar” dərnəyinin üzvlərinin mövzu ilə bağlı məruzələri dinlənilib. Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi Fidan Cəfərova “Erməni təcavüzkarlığı”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Vüsalə İsmayılova “Aprel döyüşləri”, Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi Fatimə Əliyeva “Erməni soyqırımı”, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi Rahim Mirzəcan “Xocalı soyqırımı” adlı məruzə ilə çıxış ediblər.


BSU-nun mətbuat xidməti