BSU alimlərinin iştirakı ilə Türkiyədə beynəlxalq konfrans keçirilib

             

        22-23 martda Türkiyənin Alanya şəhərində Alaaddin Keykubat Universiteti və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib. Konfransda BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, BSU-nun Jurnalistika kafedrasının professoru Etibar Babayev, Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycanşünaslıq laboratoriyasının müdiri, dosent Sadir Məmmədov təmsil ediblər.

     Konfransı giriş sözü ilə açan Alanya Alaaddin Keykubat Universitetinin rektoru, professor Əhməd Pinarbaşı iki təhsil ocağı arasında bağlanan iş birliyi protokolu çərçivəsində keçirilən ilk tədbirin məram və məqsədi barədə ətraflı məlumat verib. Türkiyə və Azərbaycanın ortaq dəyərlərə malik olduğunu xüsusi vurğulayan  görkəmli alim iki qardaş ölkə arasındakı münasibətlərin dəfələrlə tarixin ağır sınaqlarından uğurla keçdiyini bir daha  diqqətə çatdırıb. O, azərbaycanlıların Çanaqqala döyüşlərində Türkiyə uğrunda şücaətlə vuruşduğunu, erməni-daşnak qüvvələri Bakıda qırğınlar törədərkən isə türk ordusunun azərbaycanlı qardaşlarının köməyinə yetişdiyini xatırladıb. Ə.Pinarbaşı bu dostluq və qardaşlığın heç zaman unudulmayacağını bildirib.

     Konfransda iştirak edən Alanya bələdiyyə başçısı Adəm Murad Yucel son llərdə bir neçə dəfə Azərbaycanda işgüzar səfərdə  olduğu, yeniləşən siması ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən qədim Bakının irimiqyaslı idman yarışlarına, beynəlxalq   elmi konfranslara, mədəniyyət tədbirlərinə ev sahibliyi etməsini xatırlatdı. İki nüfuzlu təhsil ocağı arasında yaranan iş birliyini yüksək qiymətləndirən Adəm bəy bu əlaqələrin elmi-pedaqoji səmərəliliyi ilə yanaşı, böyük tərbiyəvi əhəmiyyətini yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.     

         Azərbaycanla Türkiyənin həqiqətən “Bir millət, iki dövlət” olduğunu bildiriblər.

     Açılış mərasimində BSU-nun professoru, Əməkdar jurnalist Etibar Babayevin “Bir millət, iki dövlət” adlı sənədli filmi  tamaşaçılar tərəfindən böyük maraqlı qarşılanıb.

     İki gün davam edən konfransda Azərbaycan alimləri - professor Telman Cəfərov “Azərbaycana Avrasiyaçılıq prizmasından bir baxış”, professor Rafiq Novruzov “Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Yusif Vəzir Çəmənzəminlinin Türkiyə dövlətindəki səfir fəaliyyəti”, dosent Əsgər Əhməd “Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə qarşılıqlı əlaqələri”, dosent Sadir Məmmədov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər qurumlarının fəaliyyəti” barədə maraqlı məruzələrlə çıxış ediblər.

     Türkiyəli alimlər - Yavuz Uysal, Nacidi Uysal, Mehmet Ak, Namiq Hüseynli, Leyla Harputlu çıxışlarında Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin tarixi kökləri, bugünkü vəziyyəti və gələcək perspektivləri haqqında danışıblar.

         Konfrans çərçivəsində müstəqillik dövründə Türkiyə-Azərbaycan  mədəni və media əlaqələrnin möhkəmlənməsində  xüsusi xidmətləri ilə seçilən görkəmli jurnalist Etibar Babayevin  Türk Dünyasının iftixarı olan Barış Mançonun həyat və yaradıcılığına həsr etdiyi “Barış körpüsü” adlı kitabının təqdimat mərasimi də keçirilib.     

          Konfrans başa çatdıqdan sonra alimlərə sertifikat verilib.

          Martın 24-də qonaqlar Alanya şəhərinin tarixi yerləri ilə tanış olub, bir sıra görüşlərdə, tədbirlərdə iştirak ediblər.

www.alanyapostasi.com.tr - 'Türkiye ve Azerbaycan ilişkilerinin dünyada benzeri yok'....