BSU-da “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində tədbir keçirilib

   

     Noyabrın 28-də Bakı Slavyan Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə AzərMDS Həkimlər və Təbib Tələbələr İctimai Biriliyi tərəfindən “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində BSU-da tədbir keçirilib.

      Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova ali təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlərin keçirilməsini gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addım kimi dəyərləndirib. Narkomaniya bəlasından qorunmağın vacibliyindən danışan X.Sultanova qeyd edib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. O bildirib ki, narkomaniya bəlası insanın təkcə fiziki sağlamlığına mənfi təsir göstərməklə kifayətlənmir, həm də mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.

      Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin sədr müavini Aqil Abbasov slayd əsasında narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat verib. A.Abbasov orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı vaxtaşırı maarifləndirici tədbirlərin keçirildiyini deyərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olanların sağlam həyata qaytarılması və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulduğunu vurğulayıb.

      Bakı Şəhər Narkoloji Dispanserin həkimi Təriqə Quliyeva narkomaniya kimi mühüm tibbi və sosial problem barədə gənc nəslin məlumatlı olmasının vacibliyini diqqətə çatdırıb. T.Quliyeva ölkə daxilində bu xəstəliyə tutulan insanların statistikası barədə ətraflı məlumat verib.

      Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev narkomaniya ilə mübarizə sahəsində keçirilən tədbirlərin başlıca məqsədinin bu problemlə bağlı daha səmərəli yolların araşdırılması olduğunu vurğulayıb.

      Tədbirdə tələblərlə mövzu ətrafında diskussiya aparılıb, gəncləri maraqlandıran suallar cavablandırıb.

 

BSU-nun mətbuat xidməti