BSU nümayəndələri Sofiya Universitetində qonaq olublar

     

   Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva və universitetin prorektorlarından ibarət nümayəndə heyəti Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində qonaq olub. Universitetin prorektoru Renata Bajankova BSU-nu təmsil edən qonaqları qarşılamaqdan məmnunluğunu bildirib. Sofiya Universitetində BSU tərəfindən yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən danışan prorektor mərkəzin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayadığını qeyd edib. O, mərkəzin BSU tərəfindən qısa müddətdə yaradılaraq, Azərbaycana maraq göstərən bolqar tələbələrin ixtiyarına verilməsini yüksək qiymətləndirib.

     Sonra Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, BSU-nun rektoru, professor Nurlana Əliyeva, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov və tərbiyə işləri üzrə prorektor Xanım Sultanovanın iştirakı ilə “Bolqarıstan Respublikası və Azərbaycan Respublikası: 25 il dostluq, tərəfdaşlıq və əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Sofiya Universitetinin müəllim-tələbə heyəti qarşısında BSU nümayəndələrinin  bolqar dilində çıxışı hər kəs tərəfindən alqışla qarşılanıb. Tədbirdə Bolqarıstan – Azərbaycan arasında 25 illik dostluq münasibətlərinin hər iki ölkənin iqtisadiyyatı, mədəniyyəti və inkişafına göstərdiyi müsbət təsirdən söz açılıb. İştirakçılar Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstandakı quruculuq, təmir və tikinti işlərinə xüsusi diqqətin ayrılmasını yüksək qiymətləndiriblər. Professor Nurlana Əliyeva bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, xalqımızın multikultural dəyərlərə önəm verməsinin, cəmiyyətdə tolerant münasibətlərin tam bərqərar olmasının parlaq nümunəsi kimi dəyərləndirib.

     Tədbirdə BSU nümayəndələri tərəfindən təqdim edilən Novruz xonçası bolqar iştirakçıların marağına səbəb olub.

     

                                                                  BSU-nun Mətbuat xidməti