Əliyeva Nurlana Müzəffər qızı

Əliyeva Nurlana Müzəffər qızı 1946-cı il avqustun 28-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1969-cu ildə universiteti uğurla bitirərək filoloq, dilçi, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən başlayaraq Bakı şəhəri Nəsimi rayon pionerlər evində metodist, 1975–1979-cu illərdə 134 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1979–1990-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, həmçinin bu illər ərzində bir çox ictimai işlərə cəlb olunmuşdur. 1988-ci ildə «Azərbaycan bədii nəsrində müasir kənd (S.Əhmədov, Ə.Əylisli, İ.Məlikzadə, S.Azərinin yaradıcılıq materialları əsasında)»
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilmişdir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının, 1998-ci ildən YAP Siyasi Şurasının üzvüdür.
1998-ci və 2008-ci illərdə keçirilən Azərbaycan Qadınlar Qurultayının və Azərbaycan Müəllimlər Qurultayının nümayəndəsi seçilmiş və bu qurultaylarda məruzə ilə çıxış etmişdir. 1998-ci və 2003-cü illərdə keçirilən prezident seçkilərində qeydə alınmış namizəd Heydər Əlirza oğlu
Əliyevin vəkili qismində fəaliyyət göstərmişdir.

1999-cu, 2001-ci və 2005-ci illərdə YAP Qurultaylarının nümayəndəsi seçilmiş, YAP- ın II qurultayında məruzə ilə çıxış etmişdir. 2000-2005-ci illərdə «Əsir düşən, girov götürülən vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının» üzvü olmuşdur. 2004-cü ildə «60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslub axtarışları«mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə «Əməkdar müəllim» fəxri adı ilə təltif olunmuşdur. Elə həmin ildən Rusiya Federasiyasının Psixologiya və Pedaqogika Akademiyasının müxbir üzvü seçilmişdir. 2006-2012-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində elmlər doktoru
müdafiə şurasının üzvü olmuşdur. 2007-ci ildə YAP Yasamal rayon təşkilatı sədrinin müavini, rayon YAP Qadınlar Şurasının
sədri seçilmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Şöhrət ordeni» ilə təltif olunmuşdur. 2009-cu ildə YAP Respublika Qadınlar Şurasının sədri seçilmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
«Professor» diplomunu almışdır. 2009-cu ildən «Zəriflik» elmi-publisistik, ictimai-siyasi jurnalının baş redaktorudur. 2013- cü ildən YAP-ın İdarə heyətinin üzvüdür. 200-dən artıq elmi-publisistik məqalənin, 15 kitabın, o cümlədən, iki dərsliyin müəllifidir. 08 aprel 2016-cı ildə Nurlana Əliyeva təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunmuşdur. 23 iyun 2016-cı ildə isə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
2016-2017-ci tədris ilinin əvvəlində universitetdə başlanmış əsaslı təmir işləri qısa müddətdə bütün auditoriyaların, tədris-mədəniyyət mərkəzlərinin, elmi-tədqiqat laboratoriyaları və kafedraların maddi-texniki bazasını yenidən qurmağa, universitet idarəçiliyi və tədrisin təşkilində elektron idarəetməyə keçidə imkan yaratdı. Yeni linqafon otağı yaradıldı, 110 yerlik tərcümə avadanlıqları quraşdırılmaqla Akt zalı əsaslı şəkildə təmir edildi, foyeyə, tədris korpusunun girişinə, Universitet muzeyinə tam fərqli bir tərtibat verildi. Yeni dərs ilinin ilk günlərindən başlayaraq, maraqlı tədbirlərə, respublika ziyalıları və ictimaiyyətinin nümayəndələri, xarici qonaqlarla görüşlərə və tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiyalara, «İxtisas seçimi» layihəsi çərçivəsində tədbirlərə, məktəblərlə əlaqəyə geniş yer verilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2021-ci il tarixli Sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.