BSU-da dərslər Xocalı faciəsinin anımı ilə başlayıb

         

     Artıq bir neçə gündür Bakı Slavyan Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. BSU-nun foyesində Xocalı faciəsində ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilən günahsız həmvətənlərimizə aid stend hazırlanıb. Universitet YAP fəallarının təşkilatçılığı ilə universitetin hər iki tədris binasında müəllim-tələbə və işçi kollektivinə matəm rəmzi olaraq üstündə Xocalı soyqırımı yazılan qara lent paylanıb. Həmçinin BSU üzrə YAP-ın təşkilatçılığı ilə universitetdə təhsil alan yerli və əcnəbi tələbələr Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım muzeyində ekskursiyada olublar.

Bütün bunlarla yanaşı, fevralın 26-da universitetdə birinci və ikinci növbənin bütün dərsləri Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və mühazirələr Xocalı faciəsinə həsr olunub.

BSU-nun Mətbuat Xidməti