BSU-da Milli Dirçəliş Günü qeyd olunub

          

   Noyabrın 19-da Bakı Slavyan Universitetində (BSU) Milli Dirçəliş Gününə həsr olunumuş tədbir keçirilib. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutuan təbir Dövlət himninin səslənməsi ilə başlanıb.

  Himnin ardından giriş sözü ilə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova 17 noyabr - Milli Dirçəliş Gününü Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə kimi dəyərləndirib. O bildirib ki, ölkəmiz ilk müstəqillik dövründə bir çox çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində tamamilə yeni mərhələ başlandı. X.Sultanova tədbir iştirakçılarını Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

   Azərbaycan tarixi və ictimai elmlər kafedrasının baş müəllimi Əli Rüstəm “Müstəqilliyə gedən yol” mövzusunda çıxışında Azərbaycanın tarixində yer alan mühüm hadisələrin yubiley günlərinin 2018-ci ilə təsadüf etdiyini vurğulayaraq qeyd edib ki, 30 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil oldu. Ə.Rüstəm həmin hadisələrin canlı şahidi kimi bir sıra tarixi faktlara əsaslanan məlumatları gənclərinn diqqətinə çatdırıb. Nitqinin sonunda  böyük türk şairi Tofiq Fikrətin “Millət şərqisi” şeirini səsləndirən Ə.Rüstəm gəncləri vətənpərvər olmağa, Azərbaycan həqiqətlərini düzgün təbliğ etməyə səsləyib.

   Tədbirdə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələrindən Mirpaşa İlyasov “Xalqın istiqlalı”, Vüsalə İsmayılova “Azadlığa doğru atılan addım”, Aydan Seyfullayeva “Milli Dirçəliş” adlı məruzələrlə çıxış ediblər.

Sonra tələbələrin ifasında vətənpərvər mövzulu şeir və mahnılar səsləndirilib.

BSU-nun Mətbuat Xidməti