Qarabağa dair qiymətli kitab təqdim olundu

                                              

   

      24 oktyabr 2018-ci il tarixdə Bakı Slavyan Univeristetində “Qarabağın müsəlman azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda (1850-1940)” kitabının təqdimat mərasimi olub. Tədbir BSU-nun Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Müəllifləri Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Yeva-Mariya Aux və Rasim Mirzəyev olan kitab Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

     Tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq kitabın elmi-siyasi əhəmiyyətindən ətraflı danışıb. O, alman dilində belə bir kitabın ərsəyə gəlməsini dünyanın Qarabağ həqiqətləri ilə tanış olmasında yeni bir addım kimi dəyərləndirib. R.Novruzov kitabın ensiklopedik mahiyyət daşıdığını, orada göstərilən hər bir faktın və rəqəmin rəsmi sənədə söykəndiyini qeyd edərək onun gələcək araşdırmalar üçün də tutarlı mənbə olacağını bildirib.

     Sonra çıxış edən professor Rəhilə Qeybullayeva Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun son illərdə bir sıra önəmli layihələrə imza atdığını və bu əsərin də həmin layihələrdən biri olduğunu deyib. O, kitabın tezliklə dünyanın digər dillərinə tərcüməsinin vacibliyini vurğulayıb.

     Tədbirdə universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru Əliş Ağamirzəyev, pedoqoji fakültənin dekanı, professor Flora Naciyeva və çıxışçılar kitabın müsbət məziyyətlərindən danışəb, öz arzu və təkliflərini dilə gətiriblər.

      Sonda Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Yeva-Mariya Aux və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək tədbir iştirakçılarına öz qiymətli təklif və fikirlərinə görə dərin miinnətdarlıqlarını bildiriblər.

                                                     

BSU-nun Mətbuat xidməti