BSU-nun jurnalist tələbələri "Rusiyanın təbiət qoruğu" fotosərgisini ziyarət ediblər

          

    Sentyabrın 19-da Bakıda yerləşən Rus mədəniyyət-informasiya mərkəzində "Rusiyanın təbiət qoruğu" adlı fotosərginin açılışı olub. Sərgi "Rusiya və Azərbaycan mədəniyyətinin mübadiləsi" layihəsi çərçivəsində "ROSKONSERT" Musiqi və Festival Proqramları Federal İdarəsi tərəfindən təqdim edilib. Bura Rusiyanın Murmanski vilayətinin əsrarəngiz şimal təbiətində çəkilmiş fotoşəkillər daxil edilib.

    Sərgini ilk ziyarət edən Rusiyanın Xalqlar Dostluğu Universiteti ilə Rus mədəniyyət-informasiya mərkəzinin birgə təşkil etdiyi "Rəqəmsal dövrdə jurnalistikanın inkişaf tendensiyaları" adlı mühazirə-seminarda iştirak edən qonaqlar, Bakı Slavyan və Bakı Dövlət Universitetlərinin jurnalistika fakültəsinin müəllim, həmçinin tələbələri olublar.

    Sərgiyə gələn qonaqları Azərbaycanda "Rossotrudniçestva" (Rusiya əməkdaşlığı) nümayəndəliyinin sədr müavini Aleksandr Kalamin salamlayıb.

    Sərginin açılışında Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabrda Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq musiqi festivalında iştirak etmək üçün Moskvadan Bakıya gəlmiş "New Life Brass" nəfəs alətləri ansamblı çıxış edib.

   Bakı Slavyan Universitetində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr "New Life Brass" ansamblının çıxışından və sərgidə gördükləri mənzərə janrında çəkilmiş fotolardan zövq aldıqlarını bildiriblər.

   Bu arada jurnalist tələbələr sərgi zalında "Azərbaycanda ən yaxşı rus-dili və ədəbiyyatı müəllimi" adlı stenddə BSU-nun pedaqoji fakültəsinin dekanı, "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru, professor Flora Naciyevanın şəklini ilk sırada görmələrindən məmnun olublar.

 BSU-nun jurnalistika fakültəsinin

II kurs tələbəsi Səyalı Abasova