BSU nümayəndələri PETRA layihəsi çərçivəsində Avstriyada təlimdə iştirak ediblər

                     

     5-9 martda Avstriya Vyana Tətbiqi Elmlər Universitetində ERASMUS+ Beynəlxalq mübadilə proqramının “Azərbaycan Universitetlərində Tədris və Təlimin təkmilləşdirilməsi” PETRA (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) layihəsi çərçivəsində üçüncü təlim keçirilib.

     Təlimdə Avropanın 5 universitetinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, o cümlədən 8 universitetin nümayəndələri iştirak ediblər.

     Nümayəndələr arasında Bakı Slavyan Universitetini (BSU) elmi işlər üzrə prorektor, prof. Rafiq Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d Ülviyyə Abbasova və İngilis filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva təmsil ediblər.

     Ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa Universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də elmi tədqiqatların təkmilləşdirilməsinə həsr edilən konfrans bir sıra mövzuları əhatə edib.

     Valensiya Politexnik Universitetinin koordinatorluq etdiyi layihə çərçivəsində Azərbaycan və Avstriyada tədqiqat və inkişaf, Avropa Birliyinin Horizon 2020 Proqramında iştirak, Vyana Tətbiqi Elmlər Universitetində Tədqiqat və İnkişaf, Azərbaycanda doktorantura təhsili, ERASMUS+NİZAMİ layihəsi mövzularında təqdimatlar keçirilib. 5 günlük intensiv təlim proqramında  seminarların və konfansların təşkili, beynəlxalq təşkilatlarla əməkdaşlıq və başqa istiqamətlərdə çıxışlar dinlənilib.

     Sonda təlim və seminarlarda iştirak edən Azərbaycan Universitetlərinin nümayəndələrinə Vyana Tətbiqi Elmlər Universitetinin müvafiq sertifikatları təqdim olunub.