“Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində debat keçirilib

     Noyabrın 7-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin verdiyi və verə biləcəyi töhfələr” mövzusunda debat keçirilib.

     BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovu, tərbiyə işləri üzrə prorektoru dosent Xanım Sultanovanı və debat iştirakçılarını salamlayan AVCİYA-nın eksperti İradə Yaqubova təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, qonaqları, ekspertləri və moderatoru iştirakçılara təqdim edib.

     Moderator Orxan Cabbarlı qeyd edib ki, debatın əsas məqsədi tələbələrdə sərbəst fikir ifadəsinin formalaşdırılmasına xidmət etməkdir. Moderator bildirib ki, debat əsasən Azərbaycanın təbliğindən gedir və burada “nə etmişik, nə edə bilərdik və nə edəcəyik” suallarına cavab axtarılır.

      Fəal keçən müzakirələrdə debat iştirakçıları ölkə daxilində və xaricində Azərbaycanı daha da yaxşı tanıtmaq, Azərbaycan reallıqlarını təbliğ etmək yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

      Komandaların kapitanları – Yusif Xandəmirov (BSU) və Günay İsmayılova (ADPU) Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı görülməli işlərlə bağlı orijinal fikirləri ilə seçiliblər.

     Çıxış edən tələbələr xaricdə təhsili, beynəlxalq tədbirləri, mətbəxi, idman yarışlarını, könüllülük əsasında fəaliyyəti, tanınmış şəxslərdən, sosial şəbəkələrdən istifadəni gerçəkliklərin təbliğində vasitələr kimi sadalayıblar.  Tələbələr həmçinin, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı təkliflərini səsləndiriblər.  

     Debata yekun vuran ekspertlər – AVCİYA-nın əməkdaşı Şahin Camalov, BSU-nun təmsilçiləri dosent Alpay Əhmədov, dosent Şirinbəy Əliyev, professor Habil Məmmədov və ADPU-nun təmsilçisi Sahil Qələndərov debatda səsləndirilən fikirlərlə bağlı təkliflərini, tövsiyələrini bildirib, eləcə də tələbələri daha da fəal olmağa çağırıblar.

     Xatırladaq ki, AVCİYA ötən il də universitet tələbələri ilə müxtəlif mövzularda debatlar təşkil edib. Bakı Slavyan Universitetində təşkil olunan bu dəfəki tədbirdə BSU və Azərbaycan Dövlət Pedaqoji Universitetlərinin tələbələri iştirak ediblər.