"Bakı Marafonu 2017”nin nümayədələri BSU-da olublar

                                       

     Martın 17-də "Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Bakı Slavyan Universitetinin (BSU) tələbə və müəllim heyəti ilə görüşüb.

     BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu-2017” barədə tələbələrə məlumat verib, onları bu marafonda fəal olmağa səsləyib.

     "Bakı Marafonu 2017”nin icraçılarından olan Samir Cabbarov qeyd edib ki, ikinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı adı altında təşkil olunacaq, layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək. Onun sözlərinə görə, “Bakı Marafonu-2017” ötən il olduğu kimi Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edəcək. S.Cabbarov bildirib ki, 2016-cı il mayın 1-də təşkil olunan ilk yarımarafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən yarımarafona Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilər də qoşulmuşdular.

     Marafonun sponsorlarından olan “Azer Türk Bank”ın nümayəndəsi Leyla Məmmədova təmsil etdiyi bankın fəaliyyəti barədə məlumat verərək marafonda qaliblər üçün nəzərdə tutulan mükafatları tələbələrin nəzərinə çatdırıb.

      “Bakı Marafonu 2017”nin tərəfdaşlarından “GoSport” idman malları mağazaları şəbəkəsinin nümayəndəsi Nikita Sokolov çıxışında qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barəsində tələbələrə bir sıra məsləhətlər verib.

     Sonra marafona hazırlıq mərhələsi və hər həftənin şənbə-bazar günləri keçirilən təlimlər barəsində məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

                    

                                                                                                              BSU-nun Mətbuat xidməti