17.10.2001-ci il tarixində Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin açılış mərasimi baş tutdu. Ukrayna Tədris-Mədəniyyət Mərkəzi Bakı Slavyan Universitetnin nəzdində fəaliyyət göstərən ilk mərkəz olmuşdur.
Hazırda Ukrayna Mərkəzi Azərbaycanda Ukrayna mədəniyyətinin təbliğatı ocağı rolunu oynayır. Mərkəzin bazasında ukraynaşünas tələbələr ukrayna dili və ədəbiyyatını öyrənir, müxtəlif mədəni-kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir.
2001-ci il martın 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi və BSU rəhbərliyinin təşəbbüsü ilə mərkəzin nəzdində Ukrayna bazar günü məktəbi fəaliyyətə başlamışdır. Məktəbin dinləyiciləri Ukrayna dili və ədəbiyyatını öyrənir, ukrayna xalqının tarixi, mədəniyyəti, milli adət və ənənələri ilə tanış olurlar.
10.04.2009-cu il tarixində Ukrayna Prezidenti V.Yuşenko Taras Şevçenko adına Ukrayna dili linqafon kabinetinin açılışında iştirak etmişdir.
2011-ci ildə Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin nəzdində «Slavyanoçka» ansamblı yaradılmışdır. Bu illər ərzində kollektiv Ukrayna səfirliyinin və Bakı Slavyan Universitetnin təşkil etdiyi müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirak etmişdir.
Ukrayna Tədris-Mədəniyyət Mərkəzində Ukrayna və Azərbaycan mədəni irsinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Mərkəz Ukraynanın Azərbaycandakı səfirliyi, Ukraynanın Azərbaycan diasporası və Ukraynanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.