Çexiya və Rumıniya Universitetlərindən olan nümayəndələr BSU-da qonaq olublar

   

   Mayın 2-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Çexiya Respublikasının Karl Universitetinin professoru İvana Bozdexovanı və Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassi Univesitetinin təhsil marketinqi tədbirləri və akademik imic şöbəsinin əməkdaşı Alexandru Griqorası qəbul edib. N.Əliyeva qonaqları salamladıqdan sonra onların gəlişinin xoş bir dövrə - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə təsadüf etdiyini bildirib. O, bu günlərdə Azərbaycanın hər yerində möhtəşəm tədbirlərin keçirildiyini, ölkənin hər bir vətəndaşının Ulu Öndərə öz məhəbbətini ifadə etməyə çalışdığını bildirib.

     Daha sonra rektor BSU-nun xarici ölkələrin ali məktəbləri ilə əlaqələrinə toxunub. N.Əliyeva qeyd edib ki, universitet hər il bir neçə xarici ölkənin ali təhsil ocağı ilə müqavilə imzalayır. Həmin müqavilələr tələbə-müəllim mübadiləsini, birgə elmi layihələrin həyata keçirilməsini, elmi məcmuə və kitabların hazırlanmasını və digər məsələləri nəzərdə tutur. O, Rumıniya və Çexiyanın bır sıra ali məktəbləri ilə də BSU-nun sıx dostluq münasibətlərinə malik olduğunu dilə gətirib.

     Aprelin 29-dan Azərbaycanda olduğunu bildirən rumıniyalı qonaq Alexandru Grigoras üç gün ərzində azərbaycanlılar tərəfindən yüksək qonaqpərvərliklə əhatə olunduğunu deyib. O, BSU-nu beynəlxalq münasibətlərdə çox aktiv olduğunu bildirib və ona universitetdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin iş prinsipi ilə yaxından tanış olmaq imkanı yaradıldığına görə rəhbərliyə öz təşəkkürünü bildirib. Alexandru Grigoras sonda BSU-da Rumıniya Mərkəzinin açılması barədə də öz arzusunu dilə gətirib.

    Daha sonra çıxış edən professor İvana Bozdechova səmimi qəbula görə BSU rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, ölkələrimiz arasında dərin dostluq münasibətlərindən məmnun olduğunu deyib.

     Mayın 6-a qədər BSU-da çex dilini tədris edəcəyini bildirən professor öz ölkəsində də gənclərin Azərbaycan mədəniyyətinə, dilinə, xüsusilə də, klassik ədəbiyyatına maraq göstərdiklərini dilə gətirib.

BSU-nun mətbuar xidməti