BSU-da Xatın faciəsi və Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib

                  

   Martın 16-da Bakı Slavyan Universitetində (BSU) Belarusun Xatın faciəsinin 75 illiyi və Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

   Tədbir Belarusun Azərbaycandakı səfirliyi və BSU-nun Belarus dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

   Tədbirin əvvəlində Belarus səfirliyinin baş məsləhətçisi Mixayıl Karaçun Xatın faciəsi barədə məlumat verib. M.Karaçun Xatın faciəsinin nasistlərin Belarus əhalisinə qarşı məqsədyönlü soyqırım siyasətini təsdiq edən minlərlə faktdan biri olduğunu deyib: “Belarus torpağında işğalın davam etdiyi 1941-1944-cü illərdə yüzlərlə belə faciə baş vermişdir. Xatın kəndinin partizanlara yardım göstərməsi ehtimal edilən 149 sakininin hamısı ümumi kollektiv cəza prinsipinə uyğun olaraq diri-diri yandırılmış və ya güllələnmişdir. Xatın dinc əhalinin kütləvi şəkildə məhv edilməsinin, Belarus xalqının faciəsinin rəmzinə, Böyük Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən birinə çevrilmişdir”. Mixayıl Karaçun Xatın faciəsindən danışarkən Xocalı soyqırımında həlak olanların xatirəsini anıb, ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş dinc əhaliyə dərin ehtiramını bildirib.

    Sonra Xatın faciəsi ilə bağlı sənədli film nümayiş olunub.
   Tədbir diskussiya ilə davam edib. BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülviyyə Abbasova, Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidova, Beynəlxalq münasibətlər kafedrasının professor-müəllim heyəti və tələbələr diskussiyada mövzu ətrafında müxtəlif fikirlər səsləndiriblər. Çıxışçılar bildiriblər ki, Xatın kəndinin faciəsi Azərbaycanın Xocalı şəhərinin faciəsinə çox oxşayır. Fərq yalnız bundadır ki, Xatın kəndində hadisələr hərb dövründə baş vermiş, Xocalı şəhərinin sakinləri isə heç bir rəsmi hərbi əməliyyatın aparılmadığı bir dövrdə vəhşicəsinə qətlə yetirilmişdir.

   Tədbirin davamında Belarus dili və mədəniyyəti mərkəzinin Belarus səfirliyi ilə birgə hazırladığı video-çarx və slayd təqdim olunub. Video materialda Xocalı soyqırımı və Xatın faciəsinin oxşar görüntüləri öz əksini tapıb.

   Sonda tələbələrin ifasında Xocalı və Xatın faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

 

                                                                              BSU-nun mətbuat xidməti