BSU-da “Həyatla oyun” tamaşası nümayiş olunub

                              

     Martın 15-də Bakı Slavyan Universitetində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” tamaşası nümayiş olunub.

     Tamaşadan əvvəl BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova tamaşanın tələbələri maarifləndirilməsində, onların narkomaniya və QİÇS bəlası ilə mübarizə aparmasında əhəmiyətli rolu olacağını qeyd edib.

         

      Sonra “Həyatla oyun” tamaşasının quruluşçusu İntiqam Soltan bildirib ki, artıq səkkiz universitetdə bu tamaşa nümayiş olunub. Narkomaniyaya qarşı vaxtaşırı maarifləndirici tədbirlərin keçirildiyini deyən İ.Soltan ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olanların sağlam həyata qaytarılması və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulduğunu bildirib.

     Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev qeyd edib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. O bildirib ki, narkomaniya bəlası insanın təkcə fiziki sağlamlığına mənfi təsir göstərməklə kifayətlənmir, həm də mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.

     Tamaşanın nümayişindən əvvəl tələbələrə narkomaniya ilə mübarizəyə dair broşür paylanıb.

                                                                                BSU-nun mətbuat xidməti