Belarus Respublikasının Azərbaycandakı səfirliyinin üzvləri BSU-da qonaq olublar

         

      Fevralın 9-da Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin baş məsləhətçisi Mixail Karaçun və səfirin keçmiş baş məsləhətçisi Dmitri Qorbaçov Bakı Slavyan Universitetində qonaq olublar.

     Belarus dili və mədəniyyəti mərkəzində keçirilən görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov universitetin Azərbaycanla Belarus arasındakı humanitar sahədə münasibətlərdə mühüm rol oynamasından, habelə Belarusun qabaqcıl universitetləri ilə əməkdaşlığın perspektivlərindən söz açıb. R.Novruzov gələcək layihələrdən danışaraq qeyd edib ki, mart ayında Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru A.Juk və bir qrup rəsmi qonaqlar Bakı Slavyan Universitetində qonaq olacaqlar.

     Mixail Karaçun və Dmitri Qorbaçov ölkələrimiz arasındakı münasibətdə oynadığı müsbət rola görə BSU rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər. Qonaqlar azərbaycanlı tələbələrin Belarus dilini və mədəniyyətini belə mükəmməl mənimsəmələrini yüksək qiymətləndiriblər.

     Görüş çərçivəsində BSU-nun Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidova mərkəzin yaranma tarixini və fəaliyyətini əks etdirən slayd təqdim edib, universitetdə keçirilən Belarusun milli bayramları barədə məlumat verib.
     Sonra Belarusun Minsk şəhərində yerləşən Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində “Ulduz yürüşü” layihəsinə qatılmış Belarus dili üzrə təhsil alan tələbələr səfər təəssüratlarını qonaqlarla bölüşüblər.

                                                                         BSU-nun mətbuat xidməti