BSU-da Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

  

     Dekabrın 12-də BSU-nun ikinci tədris binasının konfrans zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov və tələbələr iştirak ediblər.

     Professor İ.Həmidov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Himnin ardınca Ulu öndər Heydər Əliyev 1 dəqiqəlik sükutla yad edilib.

     Sonra İlyas Həmidov Ümummilli lider Heydər Əliyevlə bağlı fikirlərini tələbələrlə bölüşüb. O, çıxışı zamanı Ulu öndərin qətiyyətli, qabiliyyətli, savadlı, öz peşəkarlığı ilə dünya siyasətçiləri arasında seçilən şəxsiyyət olduğunu gənc filoloq və jurnalistlərin nəzərinə çatdırıb.

     Tədbirdə çıxış edən dosent Nuridə Novruzova Ulu öndərlə bağlı xatirələrindən geniş söz açıb, Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu bildirib. Dahi rəhbərin çıxışlarından sitat gətirən Nuridə xanım “Öz dilini bilməyən şəxs mənəviyyatca şikəstdir” - deyib.

     Tədbirdə filologiya fakültəsinin tələbələri dahi siyasətçi ilə bağlı öz fikirlərini söyləyib, Ulu öndərin azərbaycançılıq ideologiyasına sadiq olacaqlarını vurğulayıblar.

     Çıxışların ardınca Ümummilli liderlə bağlı qısametrajlı film nümayiş olunub.