BSU-da QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

      

     Noyabrın 30-da Bakı Slavyan Universitetində Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin “Stop AİDS” layihəsi çərçivəsində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə çıxış edən həkim-ftiziatr Günəş Cəfərova İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədilə keçirilən maarifləndirmə aksiyasının əhəməyyəti barədə tələblərə məlumat verib. Həkim-ftiziatr QİÇS-in yaranma tarixi və kəşfindən danışıb, bu sindromun İİV infeksiyasından fərqini izah edərək xəstəliyin yaratdığı tibbi, sosial, demoqrafik, mənəvi və digər problemlərdən söz açıb.

     Sonra İİV/QİÇS-lə bağlı videoçarx nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

     BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Azərbaycanda İİV infeksiyasına yoluxmuş insanları aşkar etmək, onların diqqətini bu problemə cəlb etmək, sağlam həyat tərzinin təbliği məqsədilə görülən işlərdə gəncləri fəal olmağa, zərərli vərdişlərdən çəkinməyə səsləyib.

    Aksiya çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün laborator testlər keçirilib, tələbələr könüllülük prinsipi əsasında müayinədən keçiblər.

 

BSU-nun mətbuat xidməti