BSU-da SABAH qruplarının təqdimatı keçirilib

      

     Aprelin 26-da Bakı Slavyan Universitetinin (BSU) I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib. Təqdimatda iştirak edən Təhsil Nazirliyinin (TN) SABAH  qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH haqqında tələbələrə ətraflı məlumat verərək bu qruplarda təhsilin keyfiyyətindən, tələbələr üçün yaradılan şəraitdən və qəbul şərtlərindən danışıb. Ş.Seyidzadə  qeyd edib ki,  SABAH quruplarına BSU-da Xarici dil müəllimliyi (Rus dili üzrə) ixtisası üzrə qəbul elan edilib.

     Təqdimatda bildirilib ki, SABAH qrupları öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açır. SABAH qruplarına daxil olan tələbələr həm yüksək səviyyəli təhsil almaq şansı qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaqlar. Komitə rəhbəri qrupun fərqlənən tələbələrinin xarici ölkələrə təcrübəyə göndərildiyini də diqqətə çatdırıb.

    Sonra Şahin Seyidzadə və BSU SABAH mərkəzinin rəhbəri Leyla Hüseynova tələbələri maraqlandıran sualları cavablandırıblar.

BSU-nun Mətbuat xidməti