“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır!”

      

     Aprelin 13-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin  dayağıdır!” mövzusunda tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva hazırda ən aktual məsələyə çevrilən qadın problemindən danışıb. Tarix boyu Azərbaycanda qadına, anaya göstərilən münasibətin göz qabağında olduğunu deyən Nurlana Əliyeva Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra qadın problemlərinin dövlət səviyyəsində öz həllini tapdığını vurğulayıb. Rektor deyib: “Ulu öndər  Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına  bələd idi. Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçilik və müstəqiliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. İlk günlərdən Qarabağ savaşında düşmənə qarşı qətiyyətli etirazları ilə əhali arasında təbliğat  aparan qadınlarımız  YAP-ın sıralarına  dəstə-dəstə gəlirdilər”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınların cəmiyyətimizdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində gördüyü işləri yüksək qiymətləndirən Nurlana Əliyeva gənc nəsli belə tədbirlərdə fəal olmağa səsləyib.

     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında tədbirin mövzusunun aktuallığından danışaraq qeyd edib ki, Dövlət Komitəsi mütəmadi olaraq ali təhsil müəssisələrində gənclər arasında diskusiyalar aparır. Azərbaycan qadınına ən yüksək qiyməti Ümummilli lider Heydər Əliyevin verdiyini deyən sədr müavini məhz bu səbəbdən hər il ənənəvi olaraq qadınlara həsr edilən yazı müsabiqəsinin Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində  keçirildiyini vurğulayıb.

     Tədbirdə çıxış edən millət vəkili, BSU-nun İngilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün miras qoyduğu dəyərlərdən söz açıb. Müstəqilliyin ən ümdə miras olduğunu deyən millət vəkili bu müstəqillik sütunlarının qorunmasında Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Qadınların ölkənin siyasi həyatında əhəmiyyətini xüsusi vurğulayan S.Fətəliyeva təhsildən yayınma, erkən nigah, zorakılıq kimi aktual qadın probleminin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb.

     Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri, millət vəkili, BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova bildirib ki, gender bərabərliyi Azərbaycanda qanunvericilik tərəfindən tam təmin olunub. Azərbaycan nümayəndə heyətinin AŞPA-da kifayət qədər effektiv fəaliyyət göstərdiyini deyən millət vəkili bildirib ki, Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır.

     Sonra tədbirin mövzusu ətrafında tələbələrin fikirləri dinlənilib.

BSU-nun Mətbuat xidməti