Məmmədov Əliağa Novruzəli oğlu

Filologiya elmlər namizədi, dosent Ə.N.Məmmədov Vladivostok şəhərində hərbi tərcüməçi kursunu və Moskva Xarici Dillər İnstitutunun silahlı qüvvələrin hərbi fakültəsini bitirmişdir. Monqolustanda hərbi xidmətdə olmuşdur. Məktəb direktoru, Azərbaycan KP MK-də təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, elm və ali təhsil idarələrinin rəhbəri vəzifələrində çalışmışdır.

Azərbaycan SSR Ali Sovetinin »Əmək rəşadəti» medalı və Fəxri fərmanı ilə təltif olunmuşdur. 1962-ci ildən 1966-cı ilə qədər o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili nazirinin müavini vəzifəsində çalışmışdır. 1972-ci ildən 1982-ci ilə qədər İnstitutun rektoru olmuşdur. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olmuş və institutun inkişafında böyük rol oynamışdır.Kənd məktəblərinin yüksək ixtisaslı rus dili və ədəbiyyat müəllimləri ilə təmin olunmasınadaima qayğı göstərmişdir.

Ə.Məmmədovun təşəbbüsü ilə İnstitutda açılan hazırlıq kurslarında oxuyan tələbələrin əksəriyyəti instituta daxil olurdular. «Dilçiliyə giriş» fənni üzrə mühazirələr oxumuşdur. 20-dən çox elmi məqalələrin və o cümlədən «Müasir Azərbaycan və monqol dillərində feillərin qarşılıqlı-müqayisəli tədqiqatı» mövzusunda monoqrafiyanın müəllifidir.

1982-ci ildən 1994-cü ilə qədər Respublika müəllimləri təkmilləşdirmə institutunda işləmişdir. 24 iyun 1945-ci il Moskvada Qələbə paradının iştirakçısı olmuşdur.