BSU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planı təsdiq edildi

Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının 7 mart 2024-cü ildə keçirilən iclasında BSU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində geniş tədbirlər planı hazırlanması ilə bağlı qərar qəbul edilib. Tədbirlər planı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamından irəli gələn ali təhsil müəssisələri qarşısında qoyulan mühüm vəzifələrə əsasən hazırlanıb.

 Tədbirlər planı çərçivəsində BSU-da bir sıra elmi seminarların, praktik və beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. 2-3 may tarixlərində keçirilməsi planlaşdırılan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” beynəlxalq konfransı çərçivəsində “İqlim üzrə beynəlxalq əməkdaşlıqda Azərbaycanın artan rolu: nailiyyətlər, çağırışlar və perspektivlər” adlı bölmə də bu məsələyə həsr olunacaq. Eyni zamanda cari ildə BSU-da “Sosial elmlərdə yaşıl dünya məsələsi: yaşıl cəmiyyətlərin qurulması” mövzusunda beynəlxalq elmi konfransın, “Dayanıqlı inkişafın hədəfləri: təhsil, inklüzivlik və yaşıl iqtisadiyyat prizmasından”, “Germanistikanın tədrisi məsələləri və planetimizin yaşıllaşdırılması” mövzusunda praktik konfransların keçirilməsi planlaşdırılır. Həmçinin 2024-2025-ci tədris ilindən etibarən BSU-da “İqlim dəyişikliyi və qlobal təhlükəsizlik” adlı seçmə fənn tədris olunacaq, fənnin dərs proqramı və dərs vəsaiti çap olunacaq. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BSU Elmi Əsərlər jurnalının xüsusi buraxılışı işıq üzü görəcək.  

Tədbirlər planına uyğun olaraq cari ildə tələbələr arasında, həmçinin əcnəbi tələbələlər arasında esse müsabiqəsi, intellektual yarışlar keçiriləcək, “Yaşıl dünya tələbələrin gözü ilə” adlı fotosərgi təşkil olunacaq. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlərin işıqlandırılmasının təhlilinə dair BSU və digər ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan tələbələri arasında müsabiqə keçiriləcək. Müsabiqədə normativ illər çərçivəsində Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində yalnız jurnalistika ixtisasında təhsil alan tələbələr iştirak edə bilər. Müsabiqə üzrə 2 istiqamət nəzərdə tutulur: 1.Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin media tərəfindən işıqlandırılmasının təhlili; 2. Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində ölkədəki tədbirlərdən birinin tələbələr tərəfindən uğurlu şəkildə işıqlandırılması Müsabiqədə ilk 3 yerin qaliblərinə pul mükafatı və sertifikat təqdim ediləcək, həvəsləndirici mükafatlar təqdim olunacaqdır.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl məktəbə keçid: MLK-da yaşıl gün” mövzusunda praktik məşğələnin təşkili, şagirdlər arasında esse müsabiqəsi, “Yaşıl gələcəyə doğru” mövzusunda şagirdlərin rəsm müsabiqəsi və şagirdlər arasında intellektual yarışların keçirilməsi fəaliyyət planında nəzərdə tutulan tədbirlər sırasındadır. 

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024-cü ilin fevralında BSU Könüllüləri Təşkilatı yaradılıb, idarə heyəti formalaşdırılaraq Təşkilatın sədri seçilib. “BSU Könüllüləri” Təşkilatının Əsasnaməsi hazırlanıb.