BSU-nun Elmi Şurasının növbəti iclası keçirilib

Martın 7-də Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev universitetin bütün xanım əməkdaşlarını 8 Mart-Beynəxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor Anar Nağıyev BSU-nun rektor müşaviri Xanım Sultanovanı Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Ədəbiyyat nəzəriyyəsi və ədəbi təhlil və ədəbi tənqid ixtisasında filologiya elmləri sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edərək ona elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar arzu edib.

Sonra rektor şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi Şuranın gündəliyinə uyğun olaraq BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov BSU-nun Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə birgə 2024-cü il üçün Fəaliyyət Planının müzakirəsi və təsdiqi barəsində hesabatı şura üzvlərinə təqdim edib. Prorektor Fəaliyyət planının məqsədlərindən bəhs edərək təhsilin bütün istiqamətləri üzrə innovativ Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb.

Sonra BSU-nun Rəqəmsallaşma və keyfiyyətin təminatı mərkəzinin direktoru Zümrüd Yolçuyevanın Tədrisin təşkili məsələləri haqqında hesabatı dinlənilib. Hesabatda seçmə fənlərlə bağlı təşkilati məsələlər, eyni zamanda universitet üzrə təşkil olunmuş və keçirilməsi nəzərdə tutulan sorğuların mahiyyəti, tələbə məmnunluğu və fərq qrupları barəsində ətraflı məlumat verilib.

“Yaşıl dünya naminə Həmrəylik ili” çərçivəsində BSU-nun Tədbirlər planı haqqında təqdimatla çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, universitetin Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva-Koşkun Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin digər ali təhsil müəssisələri kimi BSU-nun qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulayıb. O, Tədbirlər Planı çərçivəsində universitetdə elmi seminarların, beynəlxalq elmi konfransların, intellektual yarışların, fotosərgilərin, həmçinin mükafat fondu müəyyən edilmiş müsabiqələrin təşkil ediləcəyini bildirib. Eyni zamanda “Yaşıl dünya naminə BSU Könüllüləri” Təşkilatının Əsasnaməsini şura üzvlərinə təqdim edib. Gülnarə Əliyeva-Koşkun BSU-nun Məktəb-Lisey Kompleksində də Tədbirlər Planına uyğun olaraq müxtəlif istiqamətdə olan tədbilərin keçiriləcəyini diqqətə çatdırıb. 

Universitetin elmi nəşrləri haqqında danışan BSU-nun Yüksək təhsil mərkəzinin direktoru Ülviyyə Məmmədova BSU Elmi Əsərlər jurnalının beynəlxalq səviyyəli jurnal kontekstində yenidən nəşr ediləcəyini diqqətə çatdırıb. O, jurnalın ənənəvi olaraq iki seriyadan- “Dil və ədəbiyyat” seriyası və “İctimai elmlər” seriyası üzrə nəşr olunacağını qeyd edib.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.