BSU-nun Məktəb-Lisey Kompleksində 8Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil edilib

Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində(MLK) 8 Mart-Beynəxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil edilib. Qeyd edək ki, konsert proqramını BSU-nun  müəllim və əməkdaşları da izləyiblər.

BSU MLK-nın direktoru İlahə Carçıyeva məktəbin qadın müəllim və əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, uzun ömür,  səadət, xoşbəxtlik, firavanlıq və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  Azərbaycanda dövlət qadın siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən direktor İ.Carçıyeva hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün həyatımızın bütün sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərən Azərbaycan qadınları respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir və dövlət idarəçiliyində layiqincə təmsil olunurlar. Dövlət başçımız,Müzəffər Ali Baş Komandan İlham Əliyevin sadiq məsləkdaşı, müasir Azərbaycan qadınının obrazını dünyaya təqdim edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva doğma Vətənimizin hərtərəfli inkişafına misilsiz töhfələr verirlər.

Sosial elmlər fakültəsinin dekanı Əzim Əliyev çıxış edərək BSU-nun rektoru Anar Nağıyevin Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikini çatdıraraq qadınlara xoş arzu və diləklərini ifadə edib.

Sonda məktəbin şagirdləri  bu əlamətdar gün münasibətilə Azərbaycan və rus dillərində  maraqlı konsert proqramı təqdim ediblər.