BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransın təşkilat komitəsinin növbəti iclası keçirilib

Martın 6-da Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransın təşkilat komitəsinin növbəti iclası keçirilib.

BSU-nun rektoru Anar Nağıyev hər il ənənəvi olaraq keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransla bağlı ənənənin qorunub saxlanılmasının vacibliyinə toxunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdıran rektor konfransın bölmələrindən birinin ənənəvi bölmə kontekstindən kənara çıxmamaq şərti ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğunlaşdırılacağını vurğulayıb.

Müzakirə platforması formatında baş tutan iclasda konfransın bölmələrinin müəyyənləşdirilməsi, konfransın regional bölməsinin təşkili məsələləri produktiv müzakirə edilib. Xarici ölkələrin nümayəndələrinin konfransın plenar iclasında iştirakı ilə bağlı təkliflər dinlənilib.

İclas çərçivəsində yerli və xarici təşkilatların konfransa dəvət edilməsi ilə bağlı müzakirə aparılıb.