BSU-nun Şərqi Avropa və Qərbi Avropa dilləri fakültələrinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da Bakı Slavyan Universitetində (BSU)  Şərqi Avropa və Qərbi Avropa dilləri fakültələrinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə universitetin foyesində şəhidlərə həsr edilmiş Xatirə guşəsinin önünə gül dəstələri düzülüb. Xocalı soyqırımı qurbanları və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev ötən həftə universitetdə Xocalı soyqırımına həsr olunan tədbirin keçirildiyini xatırladıb. Rektor Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını qeyd edib. Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı olan təcavüzlərin davamı olduğunu bildirən Anar Nağıyev bu faciənin düşmənin bütövlükdə insanlıq əleyihinə olan terrorçuluq xislətinin göstəricisi olduğunu deyib. Xocalı soyqırımının II Dünya müharibəsindən sonra insanlıq tarixində baş vermiş ən böyük faciə olduğunu bildirib.  A. Nağıyev 1994-cü ildə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, bu faciənin qətliam olaraq bir daha qəbul olunmasını təsdiq etdiyini bildirib.  O, Azərbaycan hökumətinin Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması, bu soyqırımda əli olan hər kəsin ədalət məhkəməsinə çıxarılması üçün uzun illər ərzində məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb. Rektor məhz bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi qəhrəman ordumuzun əldə etdiyi böyük zəfərlə Xocalı və digər qətliamlarda əli olan düşmənlərin artıq ədalət məhkəməsinin qarşısına çıxarıldığının şahidi olduğumuzu qeyd edib.  A. Nağıyev bu gün Azərbaycanın Qafqazın inkişaf etmiş dövləti olaraq,  öz ərazi bütövlüyünü və suverenliyini ədalətli şəkildə bərpa etmiş bir dövlət olaraq beynəlxalq humanitar hüququn normaları çərçivəsində Xocalıda və digər ərazilərdə Azərbaycan xalqına, onun timsalında bütün insanlığa qarşı baş vermiş cinayətlərin qisasını aldığını bildirib.  Rektor suverenliyimizin bərpası ilə nəticələnən 2023-cü ilin sentyabr ayında uğurla həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarının da məhz beynəlxalq humanitar hüququn normaları əsasında həyat keçirildiyini vurğulayıb.  Rektor bu gün 32 ildən sonra ilk dəfə olaraq məhz Xocalıda Xocalı soyqırımının şəhidlərinin ruhunun anılmasının möhtəşəm tarixi hadisə olduğunu söyləyib. Xalqımızın bir daha belə faciələr yaşamayacağına əminliyini ifadə edən rektor bir vətəndaş olaraq təhsil işçilərinin, həm də gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. A. Nağıyev tariximizi unutmamağı, eyni zamanda böyük qayıdışın fonunda güclü mütəxəssis kimi ölkəmizə öz töhfəmizi vermək  üçün inkişaf etməyin vacibliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim  Quliyev “Xocalı soyqırımı-bəşəriyyətə qarşı cinayət”, Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri Rafiq Novruzov “Xocalının dünəni və bu günü”,  Avropa dilləri kafedrasının müəllimi Günel Mustafayeva “Xocalının göz yaşları”, Qərbi Avropa dilləri fakültəsinin I tədris ili tələbəsi Nigar  Məmmədova “Zəfər salnaməsinin unudulmaz anları” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə faciənin səbəblərindən, tarixi faktlardan bəhs edilib. 44 günlük Vətən müharibəsində qazanılmış şanlı zəfərdən, Xocalının yenidən qurulması, qayıdışa gedən yolda görüləcək işlərdən danışılıb.

Sonra Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş "Ümidlərin izi ilə"romanını rus dilinə tərcümə edən  Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müəllimi Tünzalə Süleymanova romanla bağlı təəssüratlarını  bölüşüb. Həmçinin Azərbaycanşünaslıq və slavyan tədqiqatları elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov Xocalı faciəsinə səbəb olan tarixi hadisələrin şahidi kimi çıxış edib.