BSU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 23-də Bakı Slavyan Universitetində (BSU) Sosial elmlər fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanları və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan  BSU-nun rektoru Anar Nağıyev bu gün Azərbaycanın XX əsrdə yaşadığı böyük bir faciənin növbəti ildönümü ərəfəsində universitetdə soyqırım qurbanlarının yad edildiyini qeyd edib. O, Xocalı faciəsinin bütün dövrlər üçün tək Azərbaycan tarixinə deyil, eyni zamanda dünya insanlıq tarixinə qara hərflərlə yazıldığını vurğulayıb. Rektor 1992-ci illdən etibarən yeni bir dönəmin başladığını bildirərək, həmin illərə tarixi nəzər salıb. Bu tarixin unudulmamasının vacibliyinə toxunan Anar Nağıyev şanlı zəfəri bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi qəhrəman ordumuzun sayəsində Xocalı faciəsinin qurbanlarının qisasının alındığını bildirib.  Rektor Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət verilməsinin  məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O, İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının faciənin  dünya ictimaiyyətində Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasındakı mühüm rolundan söz açıb.

Ölkəmizin tarixində xüsusi yer tutan şanlı tarixlərdən bəhs edən rektor həmin tarixi günlər sırasında yer alan 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciəti zamanı dünya ictimaiyyətinə verdiyi mesajla yeni bir mərhələnin əsasının qoyulduğunu deyib. Bu dönəmin təkcə Azərbaycan, Cənubi Qafqaz üçün deyil , o cümlədən daha geniş regionu əhatə edən tarixi dönəm olduğunu diqqətə çatdırıb.  A. Nağıyev  böyük bir region üçün yeni bir gələcəyin konturlarının yarandığını qeyd edərək, region ölkələrinin daha geniş kontekstdə bu yeni yaranmış konturları qəbul etməsi ilə regionda qarşılıqlı sülh və əməkdaşlığın mövcud olacağını deyib. Rektor milli dəyərlərə söykənən vətəndaş yetişdirməyin, onlarla birlikdə inkişaf etməyin vacibliyini vurğulayıb. A. Nağıyev çıxışının sonunda gənclərə bu tarixi hadisələri daha dərindən, hərtərəfli şəkildə öyrənərək gələcək nəsillərə və bütün dünya ictimaiyyətinə düzgün şəkildə çatdıra bilməyi tövsiyə edib.

Sonra Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Nigar Abbaszadə “Xocalı həqiqətlərinin təbliği”, Beynəlxlaq münasibətlər kafedrasının müəllimi Nihat İsmayılzadə “Xocalı soyqırımı və Ermənistanın etnik terrorizm siyasəti”, Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Şəhla Abbasova “Xocalı faciəsi-erməni vandalizmi və vəhşiliyinin müasir siması”, Sosial elmlər fakültəsinin II tədris ili tələbəsi Telnaz Talıbova “Xocalı soyqırımı gənclərin gözü ilə” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, Ermənistanın etnik təmizləmə siyasətinin tarixi köklərindən bəhs olunub. Həmçinin, Xocalı soyqırımı həqiqətlərinin tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub.