BSU-da ABB-nin “Qoşa saat” layihəsi çərçivəsində təlim keçirilib

Fevralın 20-də Bakı Slavyan Universitetində (BSU) universitetin Karyera xidməti şöbəsi və Azərbaycan Beynəlxalq Bankının (ABB) birgə təşkilatçılığı ilə “Qoşa saat” layihəsi çərçivəsində təlim keçirilib.

Tədbrii giriş sözü ilə açan ABB-nin Filiallarla iş və satışa dəstək departamenti, Əlaqə mərkəzi və alternativ satış şöbəsinin müdiri Səbuhi Əkbərov bankda fəaliyyət göstərən departament və bankdaxili ratasiyalar haqqında ətralı məlumat verib. O, banka müraciət edəcək tələbələrin karyera inkişafından söz açıb.

ABB-nin İnsan resurslarının idarə edilməsi departamentinin biznes tərəfdaşı Fidan Xubanlı “Uğurlu CV hazırlamaq və müsahibəyə hazırlıq” mövzusunda çıxış edib. Çıxışda CV hazırlamaqla bağlı faydalı tövsiyələr təqdim olunub. Həmçinin, müsahibəyə hazırlıq zamanı vakant vəzifəni analiz olunmasının, müsahibə zamanı yumşaq səriştələrin təqdim edilməsinin vacib olduğu vurğulanıb. ABB karyera portalı barəsində danışan Fidan Xubanlı tələbələrin aktiv vakansiyalar necə müraciət etməli olduğunu bildirib.

Təlimin interaktiv hissəsində tələbələr üçün interaktiv yarış keçirilib. İnteraktiv yarışda qalib olan tələbələrə hədiyyələr təqdim edilib. Təlimin ikinci mərhələsində isə bankda fəaliyyət göstərmək istəyən tələbələr üçün müsahibə təşkil olunub.