BSU-nun Filologiya və Xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə "Qanlı Yanvar" adlı tədbir keçirilib

Yanvarın 19-da Bakı Slavyan Universitetində (BSU) Filologiya fakültəsinin və Xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş " Qanlı Yanvar " adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar faciəsi şəhidlərinin, həmçinin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin faciəli və şərəfli bir günüdür. 20 Yanvar faciəsi bütöv bir xalqa qarşı törədilmiş dəhşətli təcavüz aktıdır. Rektor Anar Nağıyev qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın iradəsini sarsıda bilmədi. Əksinə, xalqımız öz müqəddəs azadlıq arzusuna doğru daha inamla, daha qətiyyətlə addımladı və öz milli müstəqil dövlətini qurdu. Çıxışında 20 Yanvar faciəsinin " Şər imperiyası" adlandırılan Sovet İttifaqının süquta uğramasında mühüm rol oynadığını diqqətə çatdıran rektor 34 il bundan öncə baş vermiş faciənin qurbanlarının xatirəsini xalqımızın həmişə əziz tutduğunu vurğulayıb. O qeyd edib ki, 34 il tarix baxımından böyük dövr deyil. Lakin bu 34 il ərzində xalqımız öz həyatında möhtəşəm dəyişikliklərə nail olub. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız dövlət müstəqilliyini daha da gücləndirib və öz ərazi bütövlüyünü tam təmin edib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında Birləşmiş Millətlər Təşkilatının ölkəmizin ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi müvafiq qətnamələri siyasi-diplomatik və digər resurslar vasitəsilə icra etdi. Azərbaycanla yalnız Qafqazın deyil,dünyanın yüksək iqtisadi, siyasi, demoqrafik göstəricilərinə malik dövlətləri hesablaşırlar. " Heydər Əliyev İli " elan edilmiş 2023-cü ildə Azərbaycan dövlətinin Qarabağın bütün ərazisində öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etdiyini xatırladan Anar Nağıyev bütövləşmiş Azərbaycanın 2024-cü ildə də qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişəcəyinə inamını ifadə edib. Rektor vurğulayıb ki, sülhü,əmin-amanlığı,əməkdaşlığı, inkişafı təşviq edən Azərbaycan böyük beynəlxalq tədbirlərin uğurla gerçəkləşdiyi bir ölkəyə çevrilib. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP 29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməsi də ölkəmizin dünya ölkələri arasında əməkdaşlığa mühüm töhfələr verməsinin və beynəlxalq nüfuzunun daha da yüksəlməsinin parlaq göstəricisidir.
Rektor çıxışının sonunda şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.

Sonra Azərbaycan ədəbiyyatı kafedrasının professoru Nizami Tağısoy, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, Şəhla Əhmədova, Alman filologiyası və Germanistika İnstitutunun müdiri Sevinc Rzayeva çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə öz fikirlərini bölüşüblər və tələbə-gənclərə bütün milli faciələrimizdən layiqli ibrət dərsi almağı tövsiyə ediblər.


Tədbirdə Filologiya və Xarici dil müəllimliyi fakültələrinin tələbələri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər, həmçinin faciəni əks etdirən videoçarx nümayiş etdirilib.