BSU-nun Məktəb-Lisey Kompleksində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BSU MLK-nın direktor müavini İlahə Həsənova bildirib ki, Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş müdhiş faciədən 34 il ötür. 20 Yanvarın xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edən direktor müavini İlahə Həsənova həmin gün keçmiş Sovet Ordusunun törətdiyi dəhşətli hərbi cinayətin xalqımızın iradəsini sarsıda bilmədiyini və öz azadlığı uğrunda mübarizəni davam etdirərək dövlət müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdırıb. O, bütün milli faciələrimiz kimi, bu faciəyə də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini qeyd edib.  İlahə Həsənova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin tarixi Zəfərlə başa çatması və ötən il uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın bütün ərazisində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsi ilə bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi şəhidlərinin qisası alındığını deyib. O, həmçinin  ölkə rəhbərliyinin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açıb. İ. Həsənova xalqımızı zəfərə aparan yolun vətənpərvər, igid oğullarımızın şəhidlik zirvəsinə ucalmasından keçdiyini bildirərək, onların müqəddəs xatirəsinin daim yaddaşımızda yaşayacağını vurğulayıb.

Tədbir məktəbin şagirdlərinin hazırladıqları  ədəbi-bədii kompozisiya ilə başa çatıb.