BSU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb

Yanvarın 8-dən Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb. BSU-da hər iki tədris binası üzrə imtahanalar mərkəzləşdirilmiş qaydada əsas binada təşkil olunub. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb.

İmtahanlarda bakalavr və magistratura səviyyələri üzrə ümumilikdə BSU-da təhsil alan 5145 tələbədən 4573-ü iştirak edir. Payız semestrinin imtahan sessiyasında ümumilikdə 1691 imtahanın keçirilməsi nəzərdə tutulur.

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə gənclər təşkilatlarının, mətbuat nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.

Qeyd edək ki,  payız semestrinin imtahan sessiyası 8  fevral tarixinədək davam edəcək. Bu sessiyada fənni təkrar dinləmədən imtahanlar 5 fevral tarixindən 8 fevral tarixinə qədər təşkil olunacaq.