BSU-da 2023-cü il üzrə Elmi Şuranın son iclası keçirilib

Dekabrın 28-də Bakı Slavyan Universitetində (BSU) 2023-cü il üzrə Elmi Şuranın son iclası keçirilib.

İclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev şura üzvlərini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bu tədris ilinin universitet üçün uğurlu il olduğunu bildirərək yeni təhlil mexanizmləri, daha səmərəli və sistemləşdirilmiş fəaliyyət, strateji fəaliyyət planları sayəsində nəticələrin kifayət qədər çox olduğunu diqqətə çatdırıb. İlin itkisiz ötüşmədiyini deyən Anar Nağıyev Tərcümə fakültəsinin məzunu Cavid Mirzəyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucaldığını vurğulayaraq onun timsalında bütün şəhdilərimizə daim minnətdarlıq hissi ifadə etdiyimizi bildirib. İl ərzində universitet əməkdaşları sırasında da dünyasını dəyişən həmkarlar olduğunu qeyd edərək, İdman klubunun əməkdaşı Səftər Məlikov, məsləhətçi-professor Elmira Rəhimova, Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədovun timsalında uzun illər BSU-da çalışmış və dünyasını dəyişmiş həmkarların hər birinin xatirəsinin əziz tutulduğunu vurğulayıb.

Sonra rektor şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Elmi Şuranın gündəliyinə uyğun olaraq universitetdə " Heydər Əliyev İli" çərçivəsində keçirilmiş tədbirlər haqqında universitetin rektoru Anar Nağıyevin məruzəsi dinlənilib. 2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixindəki yerindən söz açan Anar Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd olunmasının zərurətindən bəhs edib. Rektor Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə respublikanın hər guşəsində olduğu kimi, BSU-da da silsilə tədbirlərin keçirdiyini diqqətə çatdırıb. BSU-nun 2023-cü il "Heydər Əliyev İli" çərçivəsindəki fəaliyyətlərinin xronikası və əhatəliliyindən danışan rektor universitetdə Ulu öndərin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar və seminarların, Ümummilli liderin müxtəlif sahələrdə fəaliyyətini əks etdirən seminarlar və dəyirmi masaların təşkil olunduğunu bildirib. Həmçinin, tələbələrin bu prosesdə kifayət qədər aktiv olduğunu bildirərək, istər universitet daxilində, istərsə də universitet xaricində Ulu öndərin xatirəsinə həsr edilmiş müxtəlif tədbirlərdə uğurla iştirak etdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, il ərzində bütün strukturlarda bu və ya digər istiqamətlərdə tədbirlər keçirilib, tədqiqatlar, məqalələr və tezislər yazılıb. Anar Nağıyev universitetin strukturları üzrə keçirilən tədbirlərdə daha çox Filologiya fakültəsinin fərqləndiyini deyərək, fakültədə Ulu öndərin əziz xatirəsinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan filologiyası”, “Heydər Əliyev və Ana dili”, “Heydər Əliyev və Türk dünyası” və digər tədbirlərin keçirildiyini bildirib. Kafedralar sırasında Jurnalistika, Praktik rus dili və onun tədrisi metodikası, Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası, Türkologiya kafedrası, Beynəlxalq münasibətlər və digər kafedraların adlarını xüsusi olaraq qeyd edib. Rektor universitetin tədqiqat və tədris spesifikasına uyğun olaraq müvafiq mövzularda təşkil edilmiş tədbirlərdə sahənin problemləri və ya onlara baxışlar kontekstində təqdim edildiyini qeyd edib. O, bu istiqamətdə “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” konfransı çərçivəsində Türkiyə, Özbəkistan və Şimali Makedoniyadan olan eskpertlər tərəfindən “Ali təhsildə yeni istiqamətlər- innovasiya və davamlı inkişaf” dəyirmi masası, “Dil və ədəbiyyatın tədrisi problemləri”, “Azərbaycan-Özbəkistan əlaqələri yeni müstəvidə” adlı elmi seminarların təşkil edildiyini deyib. Həmin sırada “Hər biri dili yaşadan və inkişaf etdirən onun xalqıdır”, “Heydər Əliyev və Azərbaycan mətbuatı” kimi tədbirlərin də yer aldığını bildirib. A. Nağıyev qeyd edib ki, il ərzində təkcə universitetin təşkilatçılığı ilə deyil, BSU-nun tərəfdaşlığı ilə bir çox mühüm tədbirlər baş tutub. Həmin tədbirlər sırasında olan Elm və Təhsil (ETN) nazirinin müavini Firudin Qurbanovun tələbələrlə görüşü və müvafiq sahədə dövlətimizin 2023-cü il siyasəti, əldə edilən nəticələr və gələcəyə baxış kontekstində təqdimatları, eləcə də ETN-nin çərçivəsində fəaliyyət göstərən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının(AGMA) iki mühüm tədbiri- “Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” və “ Xarici dil müəllimlərinin inkişafı forumu ”, “Psixologiya zirvəsi” konfransı tədbirlərinin də " Heydər Əliyev İli" çərçivəsində keçirildiyini vurğulayıb. A. Nağıyev 2023-cü il ərzində keçirilmiş tədbirlərin dinamikası yüksək olduğunu, təbii olaraq, may ayında bunun daha intensiv xarakter aldığını bildirib. O, 4-5 may tarixlərində “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” mövzusunda keçirilən beynəlxalq konfransda 20-dən çox xarici qonağın iştirakı etdiyini deyib. 4-5 may tarixində keçirilən bu konfransda iştirak üçün gələn qonaqlar sırasında Moskva Dövlət Pedaqoji Universitetinin, Ural Dövlət Universitetinin, Kutaisi Dövlət Universitetinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və Bakı Dövlət Universitetinin rektorları, Qars Qafqaz və Lənkəran Dövlət Universitetinin rektorlarının da olduğu qeyd olunub. Ulu Öndərin təhsil və elmə olan töhfələri haqqında yalnız milli səviyyədə deyil, böyük regional səviyyədəki rolu haqqında geniş təqdimatlar və fikir mübadilələri aparıldığını vurğulayan rektor konfransın 3 hissədə 15 bölmədə keçirildiyini diqqətə çatdırıb. Konfrans çərçivəsində beynəlxalq ekspertlər tərəfindən master klass və dəyirmi masalar təşkil edildiyini deyib. O, BSU konfransları tarixində ən böyük həcmli məqalələr toplusu yaradıldığını, 1200 səhifədən ibarət (iki cilddə) məqalələr toplusu hazırlandığını və müəyyən nüsxə sayında çap edildiyini bildirib. A. Nağıyev bütövlükdə konfransa 550-dən çox məqalə və ya tezis təqdim edildiyini qeyd edib. Konfransın Lənkəran bölməsinin (“Azərbaycan təhsili regional kontekstində”) təxminən 200 nəfərin, konfransın İstanbul bölmə-təqdimatının (“Müasir dönəmdə Azərbaycan və Türkiyə əlaqələri”) təxminən 100 nəfərin iştirakı ilə keçirildiyi bildirilib. Qeyd olunub ki, rektorun rəhbərliyi altında Bolqarıstana səfər zamanı Müqəddəs Klement adına Sofiya Dövlət Universitetində Azərbaycan dövlətinin banisi Heydər Əliyev mövziusunda tələbələr qarşısında təqdimatı baş tutub. İl ərzində iki digər mühüm konfrans və platformalardan olan İnklüziv təhsilin təşkilinə dair dəyirmi masaların və universitetin Germanistika İnstitutunun təşkilatçılığı ilə "Alman və Azərbaycan Ədəbiyyati mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumun “Heydər Əliyev İli”nin mahiyyəti altında həyata keçirildiyi xüsusi olaraq vurğulanıb. Rektor “Heydər Əliyev İli” çərçivəsində universitetdə kitab təqdimatları, mərkəzlərdə tədbirlər, tələbələr arasında intellektual yarışların baş tutduğunu deyərək, ümumilikdə, 2023-cü ilin iş günlərinin hər həftəsində müxtəlif adlı tədbirlər keçirildiyini, 32 adda dəyirmi masa və seminarlar (fakültə və kafedra səviyyələrində) təşkil edildiyini qeyd edib. A. Nağıyev il çərçivəsində ölkə səviyyəsində və müxtəlif tədbirlərdə BSU istər ekoloji xaraketerli ağac əkmə aksiyasında, istərsə də ölkə səviyyəli konfranslarda, kitab və film təqdimatlarında aktiv iştirak etdiyini bildirib. O, tələbələrin il ərzində müxtəlif könüllülük və digər çərçivələrdə ölkə səviyyəli tədbirlərdə aktiv yer aldığını vurğulayıb. Bu kontekstdə BSU-nun iki tələbəsi- Təhsil fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan IV tədris ili tələbəsi Ləman Allahverdiyevanın və Xarici dil müəllimliyi fakültəsinin İngilis dili müəllimliyi ixtisasında təhsil alan II tədris ili tələbəsi Sənan Əliyevin “Heydər Əliyev adına təqaüd” layiq görüldüyünü diqqətə çatdırıb. A. Nağıyev “Heydər Əliyev İli” çərçivəsində yekun tədbirin 29 dekabr tarixində sərgi və film təqdimatı ilə yekunlaşacağını bildirib. O, “Heydər Əliyev İli” çərçivəsində ilin mahiyyətinə uyğun olaraq universitet üzrə uğurlu fəaliyyətin təşkilində iştirak edən əməkdaşlara və tələbələrə öz təşəkkürünü bildirib.

2023-cü ilin yekunları haqqında ətraflı məlumat verən rektor tədrisin keyfiyyətinin artırılması sahəsində həyata keçirilən tədbirlərdən söz açıb, o cümlədən idarəetmə və maddi-texniki bazanın yaxışlaşdırılması üçün 10 yenilənmiş auditoriya, 5 inzibati otağın istifadəyə verildiyini, yataqxanada bir sıra təmir işlərinin aparıldığını vurğulayıb. Mübadilə proqramlarının artan dinamikası sayəsində idarəetmənin səmərəliləşdirildiyini və Rus dili xarici dil mərkəzi üçün texniki imkanların yaradıldığını vurğulayıb. A. Nağıyev maddi texniki bazanın yaxışlaşdırılması və “Rəqəmsal BSU” layihəsi istiqamətində 129 əməkdaşın və dil test mərkəzlərinin yeni və müasir kompüterlərlə təmin olunacağını bildirib. Rektor həmçinin il ərzində univeristetdə əməkhaqqının bütün kateqoriyalar üzrə ortalama 30% artırıldığını bildirib.

BSU-nun “Heydər Əliyev adına təqaüd”qazanan Təhsil fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan IV tədris ili tələbəsi Ləman Allahverdiyeva çıxışında Prezidenti İlham Əliyevin gənclərin təhsil sahəsində bir fürsətlər yaratdığın qeyd edərək "Heydər Əliyev adına təqaüd” qazanan tələbələrdən biri olduğu üçün qürur hissi duyduğunu bildirib.

Prezident İlham Əliyevin 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə mənzil verilən idman ictimaiyyətinin nümayəndələrindən biri olan BSU-nun idman klubunun müəllimi Mahmud Məmmədov da çıxış edərək görüşlə bağlı öz təəssüratlarını bölüşüb.

 Sonra gündəlikdə duran növbəti məsələlərlə bağlı Tədris işləri üzrə prorektor Ənvər Abbasov, Rəqəmsallaşma və keyfiyyətin təminatı mərkəzinin direktoru Zümrüd Yolçuyeva, Elmi katib Dürdanə Hümbətovanın çıxışları dinlənilib. Çıxışlarda müvafiq olaraq, Azərbaycan Müəllimlərinin XVI Qurultayı və BSU qarşısında duran vəzifələr, Qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında, universitet üzrə normativ-hüquqi sənədlərin təsdiqi barəsində məlumat verilib.

Sonda BSU-nun rektoru Anar Nağıyev universitetin Elmi Şurasının 2023-cü ildə keçirilən son iclasında universitetin əməkdaşları- Elm və innovasiyalar üzrə prorektor dosent Nailə Azad qızı Xəndanı, Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Dilarə Bayram qızı Cavadovanı,Ümumi dilçilik kafedrasının professoru Qalina Dmitriyevna Udalıxı, Pedaqogika və psixologiya kafedrasının dosenti Əzim Əli oğlu Əliyevi yubileyləri münasibətilə təbrik edib, onlara uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə görə "Təşəkkürnamə" təqdim edib. Həmçinin, il ərzində fəaliyyətində fərqlənən əməkdaşlara müxtəlif nominasiyalar üzrə “Fəxri Diplom” və Təşəkkürnamələr təqdim olunub. 

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.