BSU-nun prezident seçkilərində ilk dəfə səs verəcək tələbələri üçün məlumatlandırma sessiyası keçirilib

Dekabrın 27-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək Bakı Slavyan Universitetinin (BSU)tələbələri üçün seçki hüququ ilə bağlı məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə çıxış edən BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov qonaqları salamlayaraq bu məlumatlandırma sessiyasının əhəmiyyətindən söz açıb. Prorektor tələbələri növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində fəal iştirak etməyə səsləyib.
Mərkəzi Seçki Komissiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli öz təcrübəsini gənc seçicilərlə bölüşüb. O, tələbələrə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər barəsində ətraflı məlumat verib.
23 Saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının sədri Ağabala Quliyev tədbirin əsas məqsədinin baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması olduğunu deyib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.