BSU-da əcnəbi tələbələr üçün məlumatlandırma sessiyası keçirilib

Dekabrın 21-də Bakı Slavyan Universitetində (BSU) təhsil alan əcnəbi tələbələr üçün İnteqrasiya Proqramı haqqında məlumatlandırma sessiyası keçirilib.

Görüşdə MSİBM-in layihə koordinatoru Lamiyə Rzayeva-Əhmədli, layihənin eksperti Eşqin Tanrıverdi, milli inteqrasiya məsləhətçisi Emin Mehdizadə və Gülnarə Pənahova, layihənin təcrübəçisi Dinar Musayeva iştirak ediblər.

Görüşdə layihə çərçivəsində MSİBM-in fəaliyyət istiqamətləri, əcnəbi tələbələrin yararlana biləcəyi inteqrasiya proqramı xidmətləri və xidmətləri dəstəkləyən dövlət və qeyri-dövlət qurumları barəsində məlumat verilib.
Məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da iştirak edib. O, maliyyə savadlılığının əsasları ilə yanaşı, miqrant tələbələr üçün Azərbaycanda bank məhsullarına çıxış və onlardan istifadənin yolları haqqında ətraflı məlumat verib.

Sonda universitetin əcnəbi tələbələri ilə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, məlumatlandırma sessiyası Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) və Dövlət Miqrasiya Xidməti tərəfindən birgə həyata keçirilir. İnteqrasiya Proqramı Azərbaycanda yaşayan miqrantlar və qaçqınları əhatə edir.