BSU tələbələri Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda iştirak ediblər

Dekabr 13-də Bakı Konqres Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib. Tədbirdə Bakı Slavyan Universitetinin (BSU) bir qrup fəal tələbə-könüllüləri də iştirak ediblər.Forum Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən natiqlər nəcib fəaliyyət olan könüllülüyün tarixindən, gənclərə faydasından danışıb, ulu öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrin Azərbaycan gənclərinin və könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olublar.

Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə “İlin könüllüsü” mükafatı ilə təltif olunublar. BSU-nun Filologiya fakültəsinin IV tədris ili tələbəsi Səlimova Dilbər Əziz qızı “Bir Könüllü” təşkilatının , Sosial elmlər fakültəsinin II tədris ili tələbəsi Muradzadə Nərmin Elşad qızı isə “Media könüllüsü” təşkilatının fəal könülləri olaraq “İlin könüllüsü” mükafatı ilə təltif olunanlar sırasında yer alıblar.