BSU-da "Heydər Əliyev İli" çərçivəsində " Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!" adlı müsabiqə keçirilib

Dekabrın 18-də Bakı Slavyan Universitetində(BSU) "Heydər Əliyev İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş " Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!" adlı natiqlik və ifadəli qiraət müsabiqəsi keçirilib. Müsabiqə BSU-nun Xarici dil müəllimliyi fakültəsinin nəzdində Praktik rus dili və onun tədrisi metodikası kafedrasının, Rusiya Tədris-Mədəniyyət Mərkəzinin və BSU-nun Məktəb-Lisey Kompleksinin(MLK) birgə təşkilatçılığı ilə məktəbin Akt zalında gerçəkləşib.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Rusiya Tədris-Mədəniyyət Mərkəzinin müdiri Gülnarə Novruzova müsabiqənin keçirilmə və qiymətləndirmə meyarları barədə məlumat verib. Qeyd edib ki, müsabiqə iştirakçılarının çıxışlarının qiymətləndirilməsi üçün tərkibinə BSU-nun alim-müəllimləri Aida Şahbazova,Nazlı Abdullayeva, Mehriban Hüseynova, Ərkinaz Məmmədhəsənzadə və Antonina Tretyakovanın daxil edildiyi Münsiflər Heyəti yaradılıb.

Müsabiqədə Xarici dil müəllimliyi fakültəsinin tələbələri və məktəbin şagirdləri Azərbaycan və rus dillərində Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına,elmə,təhsilə, mədəniyyətə, incəsənətə, gəncliyə, ailəyə münasibətini,eləcə də BSU-ya diqqət və qayğısını əks etdirən mövzularda,həmçinin doğma Azərbaycanımız, müqəddəs şəhidlərimiz, dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfər mövzularında şeirlər söyləyiblər və təqdimatlarla çıxış ediblər.

Ümumilikdə 30 nəfərin iştirakı ilə 2 nominasiya üzrə keçirilən müsabiqənin qaliblərinə və iştirakçılarına diplomların və həvəsləndirici mükafatların təqdim edilməsi nəzərdə tutulur.