Bolqarıstan Respublikasının Gənclər və idman naziri Dimitar İliev BSU-da olub

Dekabrın 13-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Bolqarıstan Respublikasının Gənclər və idman naziri Dimitar İliev ilə görüşüb.

Göüşdə BSU-nun rektoru Anar Nağıyev BSU-nun tarixi, universitetdə bolqar dilinin tədrisi vəziyyəti və mövcud layihələr barəsində geniş məlumat verib. O, iki ölkə arasında tarixən geniş dostluq əlaqələrinin olduğunu deyərək, bu münasibətlərin humanitar sahədə də özünü daha aydın göstərdiyini diqqətə çatdırıb. Rektor bu dostluq və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Daha sonra Bolqarıstan Respublikasının Gənclər və idman naziri BSU-nun Bolqar dili və mədəniyyəti mərkəzində universitetin bolqar dili üzrə təhsil alan bir qrup tələbəsi və müəllimləri ilə görüşüb və onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, BSU-nun Şərqi Avropa Dilləri fakültəsində iki ixtisasda (tərcüməçilik və regionşünaslıq) bolqar dili üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda bu istiqamətdə 195 tələbə bakalavriatura, 12 tələbə magistratura, 2 nəfər isə doktorantura səviyyəsi üzrə təhsil alır. Fakültənin müəllimləri sırasında həmçinin BSU-nun eyni ixtisasının məzunları və Sofia Universitetinin professoru da var.