BSU-da ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

 

Noyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev ölkəmizin ən aparıcı ali təhsil müəssisələrindən biri olan ADMİU-nun 100 illik yubileyi çərçivəsində növbəti konsert proqramının universitetdə keçirilməsindən məmmnunluğunu ifadə edib. Rektor ADMİU-nun ölkəmizin mədəniyyətinin, incəsənətinin inkişafına davamlı töhfələr verdiyini vurğulayıb. Bu ali təhsil müəssisəsinin Ulu Öndər Heydər Əliyevin qayğısı nəticəsində inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yüksələn bir inkişaf dönəmi yaşadığını diqqətə çatdırıb.

ADMİU-nun rektoru Ceyran Mahmudova tədbirin keçirilməsinə görə BSU rəhbərliyinə təşəkkür edərək, ADMİU-nun bir neçə dəfə müxtəlif konsert proqramları ilə bu ali təhsil müəssisəsində çıxış etdiyini xatırladıb. Rektor 2023-cü ilin ölkəmizlə yanaşı, ADMİU üçün də əlamətdar olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cənab Prezidentin sərəncamı ilə “Heydər Əliyev İli” adlandırılan 2023-cü ildə ADMİU-nun da 100 yaşının qeyd edilməsinin qürurverici hadisə olduğunu deyib. Həmçinin, Prezident İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin də qeyd edilməsi ilə bağlı sərəncam imzaladığını vurğulayıb.

ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsert tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və baş dirijor: Respublika və Beynəlxalq müsabiqələr laureatı, ADMİU-nun baş müəllimi Mustafa Aşurov) ifası ilə başlayıb. 

Konsertdə Xalq artisti Teyyub Aslanovun, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın, Əməkdar artistlər Zakir Əliyevin, Mədəniyyət işçisi Samirə Əliyevanın, Əliağa Sədiyevin, ADMİU-nun müəllim və magistrantlarının, “Xəzər” tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında musiqi nömrələri səsləndirilib.

Sonda sözləri Kəmalə Abıyevaya, bəstəsi Aygün Səmədzadəyə məxsus “Azərbaycan anaların anası” mahnısı ifa edilib.

Qeyd edək ki, konsert proqramı çərçivəsində inklüziv qrupdan ibarət uşaqların sərgisi nümayiş olunub, BSU tələbələrinin pianoda ifaları dinlənilib.