BSU-da Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub

Noyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov bu mühüm tarixi gün münasibətilə hər kəsi təbrik edib. Dövrün ictimai-siyasi proseslərinə nəzər salan prorektor Milli Dirçəliş Gününün yaranmasını şərtləndirən amillərdən bəhs edib. Ənvər Abbasov milli dirçəlişdən milli tərəqqiyə aparan yolun başlanğıcının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, ölkəmizdə böyük islahatların həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra 17 Noyabr-Mili Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov "Milli Dirçəliş Gününü doğuran şərait", Azərbaycanşünaslıq və slavyan tədqiqatları Elmi Tədqiqat Laboratoriyasının müdiri Sadir Məmmədov "Dirçəlişə aparan yol" mövzularında çıxışlar ediblər. Çıxışlarda Milli Dirçəliş Gününün tarixinə qısa ekskurs edilib, Mili Dirçəliş Gününün xalqımızın azadlıq uğrunda mübarizə salnaməsinin şərəfli səhifəsi olduğu vurğulanıb. Bu tarixin milli müstəqilliyi dərk etmək baxımından böyük əhəmiyyətə malik olduğu qeyd edilib.

Dəyirmi masa müzakirələrlə davam edib. Müzakirələrdə dirçəliş hərəkatının öyrənilməsinin, onun bu günkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd olunub.