BSU-da "Şuşa maarifi" sənədli filminin nümayişi olub

Noyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə ərsəyə gətirdiyi “Şuşa maarifi” sənədli filminin nümayişi olub.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev “Şuşa maarifi” sənədli filminin nümayişinin universitetdə keçirilməsindən məmnun olduğunu dilə gətirib. Rektor ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasını həyata keçirən lideri olan bir xalq kimi xoşbəxt olduğumuzu qeyd edib. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də qəhrəman qazilərimizin daim minnətdarlıq hissi ilə xatırlanacağını deyən Anar Nağıyev milli- mənəvi irsimizi bizə çatdıran hər bir kəsə də minnətdar olacağımızı ifadə edib. Şuşanın pedaqoji tarixinə həsr olunmuş filmin Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə fəaliyyəti nəticəsində ərsəyə gəldiyini vurğulayan rektor filmin ssenari müəlliflərindən birinin Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın özünəməxsusluğunu əks etdirən filmin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov filmin nümayişi üçün yaradılan şəraitə görə BSU rəhbərliyinə təşəkkür edib. O, filmin ilk nümayişinin məhz Şuşada keçirildiyini, daha geniş auditoriya üçün nümayişin isə 3 noyabr tarixində Nizami Kino Mərkəzində baş tutduğunu diqqətə çatdırıb. Cəsarət Valehov filmin nümayişinin ali təhsil müəssisələrindən isə ilk dəfə olaraq məhz BSU-da keçirildiyini vurğulayıb. O, filmin ideyasının yaranması, həmçinin çəkiliş prosesi ilə bağlı öz təəssüratlarını bölüşüb. Filmin Şuşa ilə bağlı xronoloji təfərrüatları özündə əks etdirdiyini bildirən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri tədbir iştirakçılarını filmi izləməyə dəvət edib.

Daha sonra “Şuşa maarifi” film nümayiş olunub.

Qeyd edək ki, "Şuşa İli" çərçivəsində hazırlanmış film Şuşada təhsilin tarixi mərhələlərindən və əhəmiyyətindən bəhs edir. Filmin ssenari müəllifləri Cəsarət Valehov, Ramil Ələkbərov, rejissoru Elçin Qasımovdur. Filmdə Şuşada yaranmış mühitin xalqımızın tarixində, maarifçilik ənənələrinin yaşadılmasında, mədəniyyətimizin inkişafında mühüm rol oynadığı nümayiş etdirilir.