BSU-nun şəhid məzunu Cavid Mirzəyevin məzarı ziyarət edilib

Noyabrın 14-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələr Sumqayıt Şəhidlər Xiyabanında universitetin şəhid məzunu Cavid Mirzəyevin doğum günü münasibətiləi şəhid Cavid Mirzəyevin məzarını ziyarət ediblər. 

Ziyarət zamanı onun məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin təmin edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, o cümlədən BSU-nun şəhid məzunlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağını deyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, onun rəhbərliyi ilə Qarabağın azadlığını təmin etmiş şəhidlərimiz daim minnətdar olacağımızı bildirib.

Sonra BSU-nun rektor müşaviri Xanım Sultanova, Slavyan filologiyası kafedrasının müdiri Rafiq Novruzov, Tərcümə fakültəsinin dekanı olmuş Kamran Hacıyev, şəhidin qrup yoldaşı Kamran Rüstəmzadə həmçinin şəhidin təhsil aldığı 40 nömrəli tam orta məktəbin müəllimləri şəhidlə bağlı xatirələrini bölüşüblər, məktəb şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Sonra BSU rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələr BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Cavid Mirzəyev BSU-nun Tərcümə fakültəsinin məzunu olub.