BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 7-də Bakı Slavyan Universitetində (BSU) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, universitetin rəhbərliyi, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 8 Noyabr- Zəfər Gününə və BSU-nun şəhid məzunlarına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

BSU-nun rektoru Anar Nağıyev möhtəşəm Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.  Rektor bu şanlı qələbənin Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ətrafında “Dəmir Yumruq” kimi birləşmiş rəşadətli Azərbaycan Ordusu və xalqın birliyi nəticəsində əldə edildiyini diqqətə çatdırıb. Müasir Azərbaycan tarixinin keçdiyi yola nəzər salan Anar Nağıyev ölkəmizi düşmənin təhdidlərindən Azərbaycan xalqının dövlətçiliyinə və öz ənənələrinə olan sadiqliyin, öz rəhbəri ətrafında sıx birləşməsinin xilas etdiyini vurğulayıb. Rektor bugünkü tarixi zəfərin Müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndər Heydər Əliyevin qoyduğu sağlam təməllər sayəsində qazanıldığını deyib. O, Ümummilli liderin fəaliyyəti dövründə ölkəmizin inkişafı üçün yaradılmış əsasların Prezident  İlham Əliyevin hakimiyyəti dövründə uğurla davam etdirldiyini vurğulayıb. Rektor bildirib ki, Azərbaycanın  güclü iqtisadi potensialı, Milli Ordu quruculuğu və Azərbaycanda baş verən digər inkişaf prosesləri ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə yekunlaşdı. Anar Nağıyev Azərbaycanda gəncliyin milli vətənpərvərlik ruhu əsasında yetişdirilməsinin öz əksini 44 günlük Vətən müharibəsində tapdığını deyib.  “Biz xoşbəxt insanlarıq, ona görə ki, Azərbaycan bayrağı müqəddəs Şuşa şəhərində, Kəlbəcərdə otuz illik yaramız olan Xocalıda dağlanır”- deyə rektor qeyd edib. O,15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin qədim şəhərimiz olan Xankəndi şəhərindən xalqa müraciətini eşitdiyimizi bildirib.  Rektor bu müraciətin böyük bir tarixin yeni bir mərhələsinin- daha uğurlu, daha böyük zəfərlərlə aparan gələcəyin başlanğıcının işarəsi olduğunu diqqətə çatdırıb. “Ulu öndər Heydər Əliyevin qeyd elədiyi və bütün  Azərbaycan xalqının həyat devizinə çevrilən, ümumi daxili kimliyimizi və mənliyimizi göstərən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini  Prezident İlham Əliyevin üç il bundan öncə dediyi “Əziz Şuşasən azadsan! Əziz Şuşabiz qayıtmışıq! Əziz Şuşabiz səni dirçəldəcəyik!” ifadələri ilə öz tamlığını təmin elədi”- deyə Anar Nağıyev bildirib.

Tarixi Zəfərin qazanılmasın və müstəqilliyimizin gücləndirilməsində vətənpərvər və qəhrəman gənclərin rolundan danışan rektor bu gün BSU kollektivinin Sumqayıt Şəhidlər Xiyabanında BSU-nun şəhid məzunları Elnur Allahverdizadənin, Cavid Mirzəyevin əziz xatirələrini andığını diqqətə çatdırıb.

Bütün şəhidlərimizə, qazilərimizə, Azərbaycanı bu  zəfər və inkişaf dönəminə  çatdıran ölkə rəhbrəinə bir ömürlük minnətdar olacağımızı bildirən rektor  tədbir iştirakçılarına Azərbaycanın bundan sonrakı zəfərlərinə də şahidlik etmələrini arzulayıb.

Milli Məclisinin deputatı Arzu Nağıyev  44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlıqlarından söz açıb. Bu şərəfli bayramın əhəmiyyətidən danışan deputat Ali Baş Komandan İlham  qətiyyətli mövqeyindən danışıb.

Milli Məclisinin deputatı Naqif Həmzəyev XX əsrin 90-cı illərinin əvvəlindən baş verən ictimai-siyasi proseslərə nəzər salıb.  Deputat Azərbaycanın suverenliyini təmin etdiyini qeyd edən deputat işğaldan azad edilmiş ərazilərə qayıdışının önəmini qeyd edib.  O, gəncləri bu istiqamətdə həyata keçirilən proseslərdə fəal iştirak etməyə çağırıb.

“Təxris olunmuş hərbiçilərin gəncləri maarifləndirmə” ictimai birliyinin sədri Emin Həsənli bu tarixi günün ölkəmizin həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsi olduğunu vurğulayıb. işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində sürətli quruculuq və bərpa işlərinin aparıldığını diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində universitet tələbələrinin ifalarında şəhidlərimizə həsr olunan şeirlər səslənib, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar dinlənilib. BSU-nun  rəqs kollektivinin təqdimatında milli rəqslər izlənilib. Sonda BSU-nun vokal qrupunun üzvləri ifasında“Azərbaycan Bayrağı” mahnısı səsləndirilib.