BSU-nun Məktəb-Lisey Kompleksində Zəfər Günü qeyd edilib

Bakı Slavyan Universitetinin(BSU) Məktəb-Lisey Kompleksində(MLK) 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə öncə Dövlət Himni səsləndirilib və Vətənimizin suverenliyi,ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU MLK-nın direktoru İlahə Carçıyeva müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Direktor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli varisi,dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerini yetirərək Qarabağın bütün ərazisində Azərbaycanın suverenliyini tam təmin etdi. Məhz buna görə xalqımız bu il Zəfər Gününü ikiqat sevinc hissi ilə qeyd edir.
Tədbirdə məktəbin şagirdləri Vətən müharibəsinə, Zəfər Gününə və Dövlət Bayrağına həsr olunmuş bədii-musiqili kompozisiya, həmçinin səfərbərliyi və vaxtilə işgal altında olmuş rayonlar arasında rəmzi söhbəti əks etdirən səhnə nümayiş etdiriblər, məktəbin xoru isə doğma Vətənimiz, qəhrəman Azərbaycan Ordusu, müqəddəs şəhidlərimiz haqqında, eləcə də tarixi ərazimiz olan Qarabağa dönüşlə bağlı mahnılar və milli rəqslərimizi ifa edib.

Qeyd edək ki, Zəfər Günü münasibətilə məktəbdə Zəfər Paradı, Qarabağın tacı olan Şuşa şəhərinə həsr olunmuş bədii-musiqili kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgi, şeir müsabiqələri və digər tədbirlər də təşkil edilib.