BSU-nun Alman filologiyası kafedrasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 6-da Bakı Slavyan Universitetində(BSU) Xarici dil müəllimliyi fakültəsinin nəzdində Alman filologiyası kafedrasının təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, Alman filologiyası kafedrasının müəllimi Nurlana Dadaşova bildirib ki, tədbirin məqsədi tələbələrin tariximizi daha dərindən öyrənmələri və onların vətənpərvər ruhda tərbiyə edilmələridir.

Xarici dil müəllimliyi fakültəsinin dekanı Güney Məhərrəmova qeyd edib ki, 8 Noyabr-Zəfər Günü xalqımız üçün böyük tarixi-siyasi əhəmiyyət kəsb edən bir gündür. Vətən müharibəsində biz bir xalq, millət olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdik və ərazi bütövlüyümüzü təmin etdik. Dekan Güney Məhərrəmova vurğulayıb ki, müasir gənclər Zəfər Gününün sevincini yaşadıqları üçün çox xoşbəxtdirlər.

Tədbirdə fakültədə Alman dili müəllimliyi ixtisası üzrə təhsil alan III tədris ili tələbələri Alman dilində dialoq formasında Vətən, xalq,dövlət, bayraq barədə fikirlərini bölüşüblər, Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş şeirlər söyləyiblər, şəhidlər haqqında təqdimatla çıxış ediblər, həmçinin "Xudayar təsnifi " səsləndirilib.