BSU-da ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin "Xaricdə təhsil yolu” layihəsi çərçivəsində infosessiya təşkil olunub

Noyabrın 3-də Bakı Slavyan Universitetində (BSU) ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində tələbələr üçün infosessiya təşkil olunub.

Tədbir iştirakçılarını BSU rəhbərliyi adından salamlayan rektor müşaviri Elçin Hüseynov xaricdə təhsilin tələbələrin həyatlarının ən faydalı təcrübələrindən biri olduğunu qeyd edib. O, xaricdə təhsilin tələbələr üçün fərqli mədəniyyətləri araşdırmaq, dünya görüşlərini zənginləşdirmək fürsəti yaratdığını da vurğulayıb.

Tədbirdə çıxış edən ARI və BDM-in direktoru İnarə Əliyeva tələbələrə xaricdə təhsilin faydaları, uğurlu olmağın yolları, akademik nailiyyətlər, iş təcrübələri, beynəlxalq sertifikatlar, tövsiyə məktubu və təqaüd proqramları haqqında ətraflı məlumat verib.

Mərkəzin əməkdaşı Əli Mirzəzadə tələbələrə sosial fəaliyyətlər, motivasiya məktubunun yazılma qaydaları barədə danışıb.

İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların mövzu haqqında fikirləri öyrənilib və onları maraqlandıran suallar cavablandırılıb.