BSU-da "Ali təhsil müəssisələrinin narkomanlığa qarşı mübarizədə rolu" adlı tədbir keçirilib

Noyabrın 3-də Bakı Slavyan Universitetində (BSU) "Ali təhsil müəssisələrinin narkomanlığa qarşı mübarizədə rolu "adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov ölkədə rəsmi qeydə alınmış narkotik istifadəçilərinin sayı, narkotik asılılıq və onun psixoloji səbəbləri, yaratdığı fəsadlar, həmçinin, Komissiyanın 802 qaynar xətti barədə ətraflı məlumat verib.

Gənclər Fondunun nümayəndəsi Rüfət Qazızadə narkotiklərə qarşı mübarizə istiqamətində həyata keçirilən layihələrdən söz açıb, hazırda bu istiqamətdə görülən işlərdən danışıb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Kamran Mayılov tədbir iştirakçılarını Daxili İşlər orqanlarının narkotiklərə qarşı mübarizə istiqamətdəki fəaliyyəti ilə tanış edib.

Azərbaycanşünaslıq elmi laboratoriyasının müdiri Sadir Məmmədov narkotiklərin tarixinə ekskurs edib, gəncləri narkotik vasitələrdən və digər zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib.

Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev "Asılılığın psixologiyası" adlı təqdimatla çıxış edib. Təqdimatda asılılığın psixoloji səbəbləri, asılılığın növləri, mübarizə üsullardan bəhs olunub.