BSU-nun rektoru və bir qrup əməkdaşı “Birgə və Sağlam” İctimai Birliyinin “Autizm Mərkəzi”ni ziyarət ediblər

 

Noyabrın 2-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev və universitetin bir qrup əməkdaşı autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatının -“Birgə və Sağlam” İctimai Birliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən “Autizm Mərkəzi” ni ziyarət ediblər.

İctimai Birliyin sədri Aytən Eynalova qonaqları mərkəzin fəaliyyəti ilə tanış edib.

Görüşdə təşkilatın BSU-nun “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsinin tərəfdaşı olması haqqında ilkin razılığa gəlinib.

Qeyd edək ki, təşkilatla BSU-nun birgə əməkdaşlıq təcürbəsi mövcuddur. 2022-ci ildə Dünya Autizm Maarifləndirmə Aylığı çərçivəsində təşkilatla birgə BSU-da silsilə tədbirlər, sərgilər və konfrans təşkil edilib.

Xatırladaq ki, 2022-ci ilin 1-15 aprel tarixlərində BSU-daautizm aylığı çərçivəsində bir çox tədbirlər, o cümlədən Elm və Təhsil Nazirliyi (ETN) və digər tərəfdaşların iştirakı ilə "İnklüziv təhsildən inklüziv cəmiyyətə (ITIC)" adlı birinci respublika elmi-praktik konfransı həyata keçirilib. 2023-cü ildən etibarən BSU-da "İnklüziv təhsildən inklüziv cəmiyyətə (ITIC)" layihəsi genişləndirilib. BSU-da keçirilən müxtəlif tədbirlərlə yanaşı, ETN-nin dəstəyi ilə 4 regional təhsil idarəsində "İnklüzivliyə doğru növbəti addım" adlı regional görüşlər təşkil olunub, tədbirlər həyata keçirilib.

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsinin əsas ideyası pedaqoji profilli ali təhsil müəssisələrində inklüziv təhsil üzrə müəllim hazırlığı və ixtisasartırmaya dəstək olmaq, şəbəkələşməni gücləndirmək vasitəsilə cəmiyyətin inkişafında inklüziyaya dəstək verməkdir.