BSU-da “Xarici dil müəllimlərinin inkişafı forumu” keçirilib

Oktyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) “Xarici dil müəllimlərinin inkişafı forumu” keçirilib. Forum Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) və BSU-nun əməkdaşlığı, Gənc Xarici dil Müəllimləri Birliyini və POLYGLOT dil mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Forumdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev qonaqları salamlayaraq, universitetdə görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr tarixində Xankəndi şəhərindən xalqa müraciətini xatırladan rektor dövlət və xalq olaraq tariximizin möhtəşəm dövrünü yaşadığımızı diqqətə çatdırıb. Anar Nağıyev bu kontekstdə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. “Bu tədbir 2023-cü il –“Heydər Əliyev İli” çərçivəsində baş tutur. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndərin bu ifadəsi qarşımıza böyük bir yol xəritəsi, fəaliyyət planı qoyub”- deyə, rektor qeyd edib.  

Anar Nağıyev XXI əsrin bacarıqlarını mənimsəyən yüksəkixtisaslı müəllimlərin yetişməsində ali təhsil müəssisələrinin üzərinə düşən rolun böyük olduğunu bildirib. O, kadr hazırlığı prosesində əmək bazarının, cəmiyyətin tələblərinin nəzərə alınmasının əhəmiyyətindən danışıb. Rektor Elm və təhsil nazirliyinin birbaşa dəstəyi ilə universitetdə Xarici dil müəllimliyi ixtisasının təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davamlı şəkildə həyata keçirildiyini deyib. BSU-nun ənənəvi olaraq ingilis, alman, fransız və rus dili üzrə xarici dil müəllimlərinin hazırlanması istiqamətində davamlı şəkildə peşəkar kadr hazırlığı ilə məşğul olduğunu qeyd edib. O, həmçinin nəinki Azərbaycanda, bütöv regionda bir sıra slavyan dilləri- polyak, belarus, ukrayn, bolqar, çex və digər slavyan dilləri üzrə yeganə kadr hazırlığının məhz BSU-da həyata keçirildiyini vurğulayıb. Eləcə də universitetin yunan, türk dilli mütəxəssislərin hazırlanması istiqamətində də böyük təcrübəyə malik olduğunu bildirib. Rektor qeyd olunan dillər üzrə universitetdə müxtəlif tədqiqat və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini, böyük kafedraların formalaşdığını diqqətə çatdırıb.

Anar Nağıyev BSU-nun xarici dil müəllimlərinin hazırlanması istiqamətində Xarici dillər üzrə Beynəlxalq Testləşmə Mərkəzi rolu oynamağı hədəflədiyini vurğulayıb, bu istiqamətdə aparılan işlərdən danışıb. Rektor hazırda təkcə universitetdə təhsil alan tələbələrin deyil, eyni zamanda məktəblərdə çalışan müəllimlərin peşəkar inkişafını təmin etmək üçün də təlim və layihələrin keçirilməsinə başlandığını da qeyd edib. O, BSU-da həyata keçirilən  "Qlobal standartlar əsasında şagird hazırlığı” layihəsi- beynəlxalq məktəblərdə çalışmaq üçün müəllim (yenidən) hazırlığı layihəsindən söz açıb. Universitetdə həmçinin, inklüziv təhsilin tətbiqi və təşviqinin uğurla həyata keçirildiyini bildirən rektor inklüziv təhsillə bağlı olan “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı layihə haqqında geniş məlumat verib. Anar Nağıyev forumun işinə uğurlar arzulayaraq, bu forumun gənc xarici dil müəllimlərinin növbəti inkişaf mərhələsinin başlanğıcı olacağına əminliyini ifadə edib.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov forumun əhəmiyyətindən danışaraq, nazirliyin həyata keçirdiyi layihələrdən bəhs edib. E. Nəsibov Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə icra etdiyi “IELTS imtahanına təşviq” layihəsi barədə məlumat verib. O, həmçinin BSU-nun “IELTS imtahanına təşviq” layihəsinin tərəfdaşı olduğunu diqqətə çatdırıb.

AGMA-nın sədri Rüfət Əsədzadə çıxışında xarici dilin üstünlüklərindən söz açıb. Xarici dil biliyinin dərslərdə interaktivliyin təmin edilməsi, şagirdlərə öyrədiləcək XXI əsr bacarıqlarının təkmilləşdirilməsi cəhətdən mühüm rol oyanacağını deyib. O, bu baxımdan AGMA-nın xarici dil müəllimlərinin şəbəkələşməsini, o cümlədən digər fənn müəllimlərinin də xarici dil biliklərinə yiyələnməsini hədəflədiyini bildirib. Rüfət Əsədzadə fənn müəllimləri birliklərinin yaradılmasının əhəmiyyətindən danışıb.

Daha sonra spikerlər- BSU-nun Xarici dil müəllimliyi fakültəsinin dekanı Güney Məhərrəmova “Xarici dillərin tədrisində müasir yanaşmalar: yeni təhsil proqramının yaradılması və tətbiqi”, biznes kouç və təlimçi Elçin Əzimli “Kouçinq və Emosional intellekt aləti kimi”, Azərbaycan POLYGLOT dil mərkəzinin rəhbəri, 9 dilli poliqlot Aslan Məmmədzadə “Speak From Day 1 metodu” adlı mövzularla çıxış ediblər. ”Gənc müəllimlər dilimizin keşiyində” layihəsi çərçivəsində təşkil olunan 5-7-ci və 8-9-cu sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinin qalibi olan şagirdlər tədbir iştirakçılarına təqdim edilib.

Forum öz işini "workshop"-larla davam etdirib.