BSU-da Türkiyə Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 23-də Bakı Slavyan Universitetində(BSU) Filologiya fakültəsinin nəzdində Türkologiya kafedrasının təşkilatçılığı ilə Türkiyə Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib,hər iki ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin fakültədə Türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrin təbrik çıxışları dinlənilib.

Elm və innovasiyalar üzrə prorektor Nailə Xəndan BSU-nun rektoru Anar Nağıyevin təbrikini tədbir iştirakçılarına çatdırıb,eləcə də sözügedən ixtisasda təhsil alan tələbələrin fəallığını yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb. Prorektor Nailə Xəndan qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin genişlənməsində və yeni inkişaf mərhələsinə daxil olmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Türkiyə Respublikasının yaradıldığı günün mahiyyəti və tarixi əhəmiyyəti barədə çıxış edən Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva bildirib ki, 2023-cü il bütün Türk dünyası üçün çox əlamətdar bir ildir. Bu il Türkiyə Respublikasının yaradılmasının 100 ili tamam olur,eyni zamanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyidir. 1923-cü il oktyabrın 29-da yaradılan Türkiyə Respublikasının həmin vaxtdan Azərbaycanla dostluq,əməkdaşlıq əlaqələri yaranıb və bu əlaqələr ölkəmizin müstəqilliyi dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə daha da inkişaf edib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bu münasibətləri ən yüksək səviyyəyə çatdırıblar. Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva Türkiyə Respublikasının yaradılmasında və inkişafında o dövrün görkəmli Azərbaycan ziyalılarının yaxından iştirak etdiklərini vurğulayıb.

Türk dili və ədəbiyyatı ixtisasının I tədris ili tələbəsi Zəhra Bədəlova bu tarixi günün mənası barədə fikirlərini bölüşüb.

Tədbirdə tələbələr Türk dilində şeirlər söyləyiblər, müasir Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün dəyərli, müdrik aforizmlərini səsləndiriblər, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı barədə dediyi "Bir millət, iki dövlət " ifadəsi əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.